Azərbaycan-Latviya hərbi əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib
Riqa, 3 iyul, AZƏRTAC
İyulun 3-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Latviya Respublikasına rəsmi səfəri başlayıb.
Müdafiə naziri, general-polkovnik Z.Həsənov iyulun 8-dən Latviya Prezidenti vəzifəsinin icrasına başlayacaq hazırkı müdafiə naziri Raymonds Veyonis ilə görüşüb.
Rəsmi qarşılanma mərasimində protokola uyğun olaraq müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Latviya Respublikasına rəsmi dəvətə və qonaqpərvərliyə görə minnətdarlığını bildirən Azərbaycanın müdafiə naziri Latviya Prezidenti vəzifəsinə seçilməsi münasibətilə Raymonds Veyonisi təbrik edib və ona bu ali dövləti fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə regional təhlükəsizlik, Silahlı Qüvvələrin inkişafı və ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib, bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verildiyi vurğulanıb.
“Bizim ikitərəfli əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz mövcuddur. Müdafiə sahəsində əməkdaşlığımızın genişləndirilməsi qarşılıqlı surətdə Silahlı Qüvvələrimizin möhkəmlənməsinə kömək edəcək”, - deyə general-polkovnik Z.Həsənov bildirib.
R.Veyonis Latviyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman tanıdığını, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində həllinin tərəfdarı olduğunu xüsusi qeyd edib.
Sonra Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlı qaçqın və məcburi köçkünlərin durumu, Azərbaycan ilə Latviya arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Latviya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Raymonds Qraube də iştirak edib.
Müdafiə naziri Zakir Həsənovun Latviyaya səfəri iyulun 4-də başa çatacaq.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa