Azərbaycan nümayəndə heyəti Londonda “WTM 2012” Beynəlxalq turizm sərgisində iştirak edir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Londonda “WTM 2012” Beynəlxalq turizm sərgisi açılmışdır.
Noyabrın 8-dək davam edəcək sərgidə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında böyük nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mahir Qəhrəmanov, aparıcı məsləhətçisi Leyla Verdiyeva, Azərbaycan Dövlət Rəqs Ansamblının 4 nəfər üzvü daxildirlər.
Həmçinin sərgidə Azərbaycanın 11 turizm şirkəti, o cümlədən “Geo Travel”, “Gilan Tourism”, “Millennium Tourism and Congress DMC”, “SW travel”, “ENC tours”, “Billur tur”, “Eurotourism”, “The tour”, “Turizm.az”, “Victory tour”, iki mehmanxana - “Four Seasons Hotel Baku”, “Jumeirah Bilgah Beach Hotel” və Azərbaycan Qolf Federasiyası da iştirak edir.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kvadratmetrlik sahədə pavilyon quraşdırılmışdır. Pavilyonda “Azərbaycan Hava Yolları” aviaşirkəti üçün xüsusi yer ayrılmışdır. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis dilində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanılacaqdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri artıq onuncu ildir ki, “WTM” Beynəlxalq turizm sərgisində iştirak edirlər.