Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfədir - Politoloq
Bakı, 25 avqust, AZƏRTAC
Özbəkistan və Azərbaycanı bir-birinə təkcə dil, din, tarixi milli kimlik bağlamır, həm də talelərimiz çox oxşardır. Ölkələrimiz tarixin ağır məşəqqətlərindən çıxaraq eyni dövrdə müstəqillik əldə ediblər. Özbək qardaşlarımız da bizim kimi erməni vandalizminin qurbanları olublar. 1918-ci ilin fevralında bolşeviklərin dəstəyi ilə Daşnaksütyunun hərbi qanadı tərəfindən Kokand vilayətində özbəklərə qarşı soyqırımı törədilib, nəticədə 35 min insan öldürülüb. Təkcə üç gün ərzində Kokand şəhərində 10 minə yaxın dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.
Onun sözlərinə görə, son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri nəzərəçarpacaq dərəcədə güclənib.
İki qardaş ölkənin liderlərinin uzaqgörən siyasəti nəticəsində çoxşaxəli əlaqələrimiz qibtə olunacaq səviyyəyə yüksəlib. Özbəkistanın bütün Türk dünyası ilə əlaqələrini gücləndirmək istiqamətində atdığı addımlar Azərbaycan Prezidenti tərəfindən dəstəklənir. Həm Türkiyə, həm də Azərbaycan Türk dünyasının birliyi və güclənməsi üçün son illər bir çox təşəbbüslər həyata keçiriblər. Eyni zamanda, digər türkdilli dövlətlərin bu istiqamətdə səylərini alqışlayıblar. Dövlətimizin başçısı ötən il Özbəkistana iki dəfə səfər edib. 2022-ci il iyunun 21-22-də Özbəkistana dövlət səfəri həyata keçirən Azərbaycan Prezidenti sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqənddə keçirilmiş Sammitində fəxri qonaq qismində iştirak edib. Həmçinin Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-11-də Özbəkistanda səfərdə olub. Bu səfərlər və əldə olunan razılaşmalar münasibətlərimizin strateji səviyyəyə yüksəlməsinin göstəricisidir. Özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binası iki qardaş ölkənin dost münasibətinin daha bir təzahürüdür.
Şavkat Mirziyoyev Özbəkistanda növbəti dəfə prezident seçiləndən sonra ilk səfərini Azərbaycana etdi. Bütün bunlar təkcə iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi deyil, bütün Türk dünyasının uğuru, yüksəlişi kimi qiymətləndirilməlidir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri həm tarixi əlaqələr üzərində qurulub, həm də yeni dövrün çağırışlarına uyğun inkişaf edir.
Orta Dəhlizin Mərkəzi Asiya dövlətləri üçün də böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdıran politoloq deyib: “Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə yüksək səviyyədə nəqliyyat-logistika infrastrukturu yaradılıb və Azərbaycan beynəlxalq nəqliyyat şəbəkəsinin vacib bir hissəsinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistana son səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” bu beynəlxalq nəqliyyat şəbəkəsinə böyük töhfə kimi qəbul edilməlidir. “Azərbaycan və Özbəkistan respublikalarının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə" etimadın və strateji istiqamətlərin ən yüksək səviyyədə davamıdır. Bir sözlə, Azərbaycan-Özbəkistan münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi günümüzün tələbidir”.
R.Alıyev qeyd edib ki, Özbəkistan Azərbaycanla ticarət dövriyyəsinin son 6 illik artım dinamikasında birinci yer tutur. 2016-cı ildə 15,3 milyon dollarlıq dövriyyə ötən il 183,3 milyon dolları ötüb. Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumu və energetika nazirləri arasında 2023-2025-ci illər üçün enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair imzalanan yol xəritəsi ölkələr arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçdiyindən xəbər verir. Azərbaycan-Özbəkistan biznes forumu çərçivəsində "Uzbekneftegaz"ın ölkəmizdə neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistanda neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistanın Mədən və Geologiya Nazirliyi və "Uzbekneftegaz" Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əlaqələr üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, ümumilikdə Mərkəzi Asiya ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Ölkələrimiz arasında energetika, turizm, maşınqayırma və digər sahələrdə əməkdaşlıq inkişaf etməkdədir.
Politoloq hesab edir ki, əgər əldə olunmuş razılaşmalar üzrə real addımlar atılarsa, ölkələrimiz arasında ticarət dövriyyəsi bir neçə dəfə çoxala bilər. Ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur. Bütün hallarda əldə olunacaq uğurlar Türk dünyasının birliyinə və güclənməsinə xidmət edəcək.