Azərbaycan Turizm Assosiasiyası Bakı şəhərində Qonaqpərvərlik üzrə Biznes Məktəbi açır
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 20-də Azərbaycan Turizm Assosiasiyası (AZTA) Bakıda yeni mehmanxana idarəçilik məktəbinin-Qonaqpərvərlik üzrə Biznes Məktəbinin (QBM) açıldığını elan etmişdir.
AZTA-dan AZƏRTAC-a bildirmişlər ki, QBM Azərbaycanda qonaqpərvərlik sənayesinin birbaşa əlaqə, nəzarət və idarəetmə səviyyəsində müxtəlif peşə sertifikatları təklif edən ingilis dilində ilk təhsil proqramı olacaqdır. Amerikanın məşhur Mehmanxana üzrə Təhsil Assosiasiyasının (AHLEI) ixtisas sertifikatları, qonaqpərvərlik idarəçiliyi diplomu, ikili diplomu, eləcə də orta məktəb kurikulumu, Qonaqpərvərlik və Turizm İdarəçiliyi Proqramı QBM-in elmi konsepsiyasının tərkib hissəsi olacaqdır.
AZTA və AHLEI arasında 2011-ci ilin avqust ayında razılaşma memorandumu imzalanmışdır. AZTA artıq SQT (Sertifikatlaşdırılmış Qonaqpərvərlik Təlimçisi) üzrə ilk seminarı təşkil etmişdir.
Həmçinin AZTA Azərbaycan Turizm İnstitutunun müəllimləri üçün ilk Qonaqpərvərlik üzrə Sertifikatlaşdırılmış Müəllim (QSM) seminarı da keçirmişdir. Mükafat qazandıran bu proqram dünyada qonaqpərvərliyi tədris edənlər üçün yeganə peşə inkişafı fürsətidir. Bu proqram tələbələrin tənqidi düşünmə qabiliyyətini möhkəmləndirmək və daha çox öyrənmək motivini təmin etmək üçün onlara imkanlar yaradır.
QBM Nardaran qəsəbəsində-Bakının mərkəzindən 30 dəqiqəlik məsafədə yerləşən, eksklüziv premium kateqoriyalı istirahət ocağı olan məşhur “Sea Breeze” mehmanxanasının ərazisində ilk məkanını yaradacaqdır.