Azərbaycan Turizm İnstitutu ilə Naxçıvan Özəl Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 7 fevral (AZƏRTAC). Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə institutun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının 7 illik fəaliyyətindən, beynəlxalq təşkilatlarda, o cümlədən qurumlarda təmsilçilik missiyasından danışmışdır. O, dünyanın nüfuzlu universitetləri ilə bağlanmış akademik əməkdaşlıq və mübadilə müqavilələrinin turizm sahəsi üzrə ixtisaslı kadr hazırlığına müsbət təsiri olduğunu vurğulamışdır.
Rektor ATİ ilə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universiteti arasında həm bakalavr, həm də magistr pilləsi üzrə kadr hazırlığı sahəsində akademik müqavilə və saziş imzalandığını diqqətə çatdırmışdır. Ölkə rəhbərinin turizm sənayesinin inkişafında başlıca amil sayılan ixtisaslı kadr hazırlığına böyük diqqət və qayğı göstərdiyini xüsusi vurğulamışdır.
İsmayıl Əliyev Naxçıvan Özəl Universitetinin Azərbaycan paytaxtından kənarda yerləşən yeganə özəl ali təhsil müəssisəsi olduğunu və 14 ixtisas üzrə 200 tələbənin təhsil aldığını bildirmişdir. O, ATİ-nin təhsil-təlim-təcrübə-tədqiqat sahəsində qazandığı uğurlardan bir təhsil müəssisəsi olaraq faydalanacaqlarına əminliyini bildirmişdir.
Sonda ATİ ilə Naxçıvan Özəl Universiteti arasında təhsil, elm və mədəni əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Naxçıvan Özəl Universiteti ilə imzalanmış bu sənəd ATİ-nin ölkə dövlət və özəl universitetləri arasında bağlanmış ilk əməkdaşlıq müqaviləsidir.