MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutu tədqiqat və inkişaf şöbəsinin hesabatı dinlənilmişdir
Bakı, 29 may (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunun tədqiqat və inkişaf şöbəsinin hesabat yığıncağı keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi bu şöbə tərəfindən 2012-2013-cü tədris ili ərzində yerinə yetirilən, eləcə də yekunlaşma mərhələsindəki işləri keyfiyyət prizmasından qiymətləndirmək və perspektiv planları təhlil etmək olmuşdur.
Bildirilmişdir ki, tədqiqat və inkişaf şöbəsinin əməkdaşları tədris ili ərzində TEMPUS layihəsi çərçivəsində “Davamlı turizmin inkişafı üçün yeni modulların hazırlanması” üzrə təşkilati işlər aparmaqla bərabər, tələbə uyğun olaraq layihəyə yeni iştirakçılar cəlb etmişlər. ATİ-nin fəaliyyətilə bağlı bir sıra sənədlər institutun bütün strukturlarına göndərilmişdir.
Hesabatda, həmçinin şöbənin əməkdaşlarının xarici ölkələrə səfərləri, keçirdikləri görüşlər və digər məsələlər əksini tapmışdır.
Müzakirələr zamanı tədqiqat və inkişaf şöbəsinin əməkdaşları fəaliyyət strategiyalarında yer alan daha bir istiqamətə münasibət bildirmişlər. Növbəti tədris ilində ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində institutun layiqli yer tutması üçün əsas şərt sayılan göstəricilərə nail olmağı, Türkiyə Respublikasının Yüksək Öyrətim Kurulu tərəfindən maliyyələşən “Mövlana mübadilə proqramı”na qoşulmaq üçün əməkdaşlıq protokollarının hazırlandığını və Avropa Komissiyası tərəfindən maliyyələşən bəzi layihələrin institut üçün prioritet olan çağırışlarına qoşulmaq məqsədinin planlaşdırıldığını diqqətə çatdırmışlar.