Azərbaycan Turizm İnstitutunda “Bir milyard turist – bir milyard imkan” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 13 dekabr (AZƏRTAC). Dekabrın 13-də Azərbaycan Turizm İnstitutunda (ATİ) “Bir milyard turist - bir milyard imkan” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müəllim və tələbələrin iştirak etdikləri tədbirdə institutun rektoru, professor Cəfər Cəfərov Dünya Turizm Təşkilatı (DTT) tərəfindən 2012-ci il dekabrın 13-nün “Bir milyard turist - bir milyard imkan” devizi altında bir milyardıncı turistin sərhədi keçməsi günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır.
Turizmin dünya iqtisadiyyatında artan rolunu və əhəmiyyətini, xüsusilə dünyada bir milyard insanın turist kimi səyahət etməsi faktını geniş ictimaiyyətə çatdırmaq məqsədi ilə təşkil olunmuş “dəyirmi masa”da rektor bir milyardıncı turist sırasının genişlənməsində hər birimizi görmək arzusunda olduğunu söyləmişdir.
C.Cəfərov diqqətə çatdırmışdır ki, Azərbaycanda son on ildə neft strategiyasının uğurundan yaranmış qeyri-neft sektorunun avanqardı olan turizm sürətlə inkişaf edir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası bunu deməyə əsas verir. Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan ölkəmiz turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Azərbaycanda turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni və digər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Artıq turizm üzrə 2-ci dövlət proqramı uğurla yerinə yetirilir. Son 10 ildə ölkədə turizm şirkətlərinin, otellərin, yerləşdirmə yerlərinin, ölkəyə gələnlərin sayında ən azı 2-3 dəfə artım müşahidə olunur. Cari ilin ilk 6 ayının statistik göstəricilərinə əsasən, Azərbaycandakı otellərin sayı 506, respublika üzrə yataq yerlərinin ümumi sayı isə 31 min 850, turizm fəaliyyətinə xüsusi razılıq əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı isə 210 olmuşdur.
Bildirilmişdir ki, cari ilin ilk 6 ayında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 1 milyon 88 min 823 nəfər təşkil etmişdir. Bu, ötən ilin 6 ayı ilə müqayisədə 7,1 faiz və ya 72 min 264 nəfər çoxdur. Ötən il Azərbaycana gələn 2 milyon 239 min 141 nəfər əcnəbi vətəndaşın 1 milyon 836 min 226 nəfəri turistlərin payına düşmüşdür. Bu il ilk dəfə Azərbaycana gələn turistlərin sayı 2,5 milyonu keçəcəkdir.
Qeyd edilmişdir ki, son vaxtlar turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində bir sıra mühüm işlər görülür. Bu məqsədlə hazırda Bakı şəhərində yeni müasir standartlara uyğun 5 və 4 ulduzlu mehmanxanaların inşası, Bakı və regionlar üzrə 50-dək mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisi, eləcə də Şahdağ Yay-Qış Turizm Kompleksi kimi böyük layihənin reallaşması nəticəsində yüksək keyfiyyətli turizm xidmətinə nail olmaq nəzərdə tutulur.