Azərbaycan Turizm İnstitutunda “Regionlarda turizmin inkişafı” mövzusunda treninqlər başlamışdır
Bakı, 5 fevral (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, Azərbaycan Turizm İnstitutu (ATİ) və “Turizmin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə fevralın 4-dən ATİ-də rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin (idarələrinin) müdirləri və turizm informasiya mərkəzlərinin rəhbərləri üçün seminar-treninqlər keçirilir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, treninqlərə 40 rayonun mədəniyyət və turizm şöbələrinin müdirləri və 9 regional turizm informasiya mərkəzinin rəhbərləri cəlb olunmuşlar.
Treninqin ilk günündə keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirmişdir ki, ölkəmizdə yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq şəbəkəyə daxil olan otellər və turizm obyektləri açılır. Bu, turizm obyektlərində çalışmaq üçün işçi qüvvəsinin peşəkarlıq səviyyəsi qaldırılmasını tələb edir. Regionlarda turizmin inkişafına nail olmaq üçün rayon mədəniyyət və turizm şöbələrinin üzərinə böyük iş düşür. Onlar hər bir bölgəyə xas olan müxtəlif festivallar təşkil etməli və regionlardakı mədəniyyət müəssisələrinin turizm firmaları ilə yaxından əməkdaşlığa nail olmalıdırlar.
ATİ-nin rektoru Cəfər Cəfərov qeyd etmişdir ki, rayonlarda mədəniyyət və turizm idarələrində işləyən əməkdaşların mədəniyyət abidələrinin qorunması sahəsi üzrə sovet dövründən qalan bir təcrübəsi vardır. Bu istiqamətdə müəyyən işlər aparılır, xeyli mədəniyyət abidələri bərpa olunur, reyestrə salınır. Lakin digər tərəfdən turizm sahəsi də sürətlə inkişaf edir. Regionların turizm potensialını ortaya qoymaq, əsaslandırıb dövlət proqramlarına salmaq, rayona gələn investorları maraqlı ideyalarla turizm potensiallı ərazilərə yönəltmək və burada yaxşı bir turizm məhsulunun ortaya çıxarılmasına vəsilə olmaq baxımından bu biliklər yetərli deyildir. Bu baxımdan ATİ Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsi ilə birlikdə rayonların mədəniyyət və turizm idarələrinin əməkdaşları üçün silsilə seminar-treninqlər təşkil etmişdir. Bu tədbirlər həm Bakıda, həm də regionlarda davam etdiriləcəkdir.
Seminar-treninqlərdə ölkənin bu sahədə ümumi siyasi kursunu müəyyənləşdirən mövzularla yanaşı, daha konkret məsələləri əhatə edən təlimlər keçiriləcəkdir.
Fevralın 8-dək davam edəcək seminar-treninqin sonunda iştirakçılara Mədəniyyət və Turizm Nazirliyinin və ATİ-nin birgə sertifikatı təqdim olunacaqdır.