Azərbaycan Türkiyənin Ordu şəhərində açılmış Qara dəniz turizm sərgisində uğurla təmsil olunur
Bakı, 15 fevral (AZƏRTAC). Fevralın 14-də Türkiyənin Ordu şəhərində Qara dəniz turizm sərgisi açılmışdır.
Bu şəhərdə birinci dəfə təşkil olunan sərgidə Azərbaycan, Gürcüstan, Qırğızıstan ilə bərabər, Qara dəniz bölgəsinin 11 şəhərindən 55 qurum da iştirak edir.
Azərbaycanı sərgidə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkəti təmsil edirlər.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən AZƏRTAC-a bildirmişlər ki, Ordu Mədəniyyət və Turizm Mərkəzində keçirilən açılış mərasimində bu şəhərin valisi Orhan Düzgün, həmçinin Samsun, Sinop, Amasiya, Girəsun şəhərlərinin valiləri Hüseyn Aksoy, Əhməd Cengiz, Abdil Cəlil Öz, Dursun Əli Şahin, Ordu şəhər qarnizonunun komandiri, polis polkovniki Şərəf Çakmak və tanınmış iş adamları iştirak etmişlər.
Ordu şəhərinin valisi Orhan Düzgün çıxışında Qara dəniz bölgəsində son illərdə qonaq qəbul etmək imkanlarının ciddi şəkildə artdığını, bölgənin yay və qış turizmi baxımından bütövlükdə Türkiyədə bu sahədə önəmli paya sahib olduğunu vurğulamışdır. Vali sərginin bu bölgənin tanınmasında çox önəmli rol oynayacağına inandığını demişdir.
Açılış mərasiminin bədii hissəsində Qara dəniz bölgəsindən olan müxtəlif sənətçilərlə yanaşı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin musiqi qrupu da Azərbaycan muğamlarını təqdim etmişdir.
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli, sədr müavini Arzu Soltan, şöbə müdirləri Albina Rzayeva, Nicat Nuriyev, “Heritage Travel” şirkətinin əməkdaşları Valeh Cəfərov və Zəka Babazadə ilə sərgidə təmsil olunan nümayəndə heyətimiz Azərbaycanın turizm imkanlarını sərgi ziyarətçilərinə nümayiş etdirir.
Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin istehsalı olan müxtəlif kitablar, jurnallar, CD-lər sərgiyə gələnlərə paylanılır.
Bundan əlavə, sərgidə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin və “Heritage Travel” turizm şirkətinin nəşrləri - jurnallar, kitablar, flayerlər, CD-lər və başqa tanıtma materialları yayılır. Eyni zamanda, sərgiyə qatılan müxtəlif turizm şirkətləri, səyahət agentlikləri, otellər və s. ilə əməkdaşlıq qurulur, razılaşmalar əldə olunur.
Sərgi fevralın 17-dək davam edəcəkdir.