Azərbaycan və Dağıstan turizm sahəsində əməkdaşlığı genişləndirir
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında turizm sahəsində əməkdaşlığın perspektivləri Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev və Dağıstanın turizm və xalq bədii sənətkarlıq naziri Rəbiyyət Zakavovanın görüşündə müzakirə edilib.
Milli Turizm Təbliğat Bürosundan AZƏRTAC-a bildirilib ki, görüşdə iki qurumun xətti ilə qonşu regionların turizm potensialının inkişaf etdirilməsi, turizm sahəsinə sərmayələrin cəlbi, həmçinin beynəlxalq turizmin inkişafı üçün şəraitin genişləndirilməsi məsələləri də toxunulub. Eyni zamanda, tərəflər birgə yeni quru və dəniz turizm marşrutlarının yaradılmasını müzakirə ediblər.
Xatırladaq ki, “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanına əsasən ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılması, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə cari il fevralın 6-da Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.