AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI RƏHBƏRLƏRİNİN I FORUMUNUN PROQRAMI AÇIQLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 9-da Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu keçiriləcəkdir. Forumun keçirilməsi təşəbbüsünü Türkiyənin Antalya şəhərində türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında Azərbaycan Prezidenti İlham Əliyev irəli sürmüşdü.
Bakı 48 ölkədən 470 qonağı qarşılamağa hazırdır. Onların arasında Azərbaycan və türk dərnəklərinin təmsilçiləri, bu qurumların fəaliyyət göstərdiyi ölkələrdə türk və Azərbaycan əsilli siyasətçilər də olacaqdır. Forumda dünyanın 20 ölkəsinə səpələnmiş 3 milyona yaxın İraq türkmənlərinin, 10-dan çox ölkədə yaşayan Axısqa türklərinin diaspor nümayəndələri,balkar, uyğur, qaqauz türklərinin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın milli azlıqlarla məşğul olan qurumlarının təmsilçiləri, Estoniya, Latviya, Litva, Bolqarıstan, Hollandiya, Danimarka, Lüksemburq və Almaniyanın, Avropa İttifaqının parlamentariləri iştirak edəcəklər.
Tədbirdə Prezident İlham Əliyevin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.
Forumda Dağlıq Qarabağ münaqişəsi, qondarma erməni soyqırımı, türk dövlətləri arasında starateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, sosial-iqtisadi inkişaf səviyyəsi ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması da daxil olmaqla bir sıra məsələlər müzakirə ediləcəkdir. Yekunda qəbul olunacaq mühüm sənədlərin sırasında Azərbaycan və türk diasporları təşkilatlarının birgə fəaliyyət strategiyası, dünyanın türkdilli xalqlarına müraciət, Bakı Bəyannaməsi, Ermənistanın Azərbaycana təcavüzü və soyqırımı aktları ilə bağlı birgə bəyanat, qondarma erməni soyqırımı iddialarını tanımaq barədə qərar qəbul etmiş ölkələrə etiraz bəyanatı da vardır.
Forumda iştirak edəcək qonaqlar Bakıya martın 7-dən gəlməyə başlayacaqlar. Martın 8-də diaspor təşkilatları rəhbərlərinin foruma hazırlıq görüşü keçiriləcəkdir. Qonaqların təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görüləcəkdir. Forum atəşfəşanlıqla yekunlaşacaqdır.