Azərbaycanda 55 hektar ərazisi olan yeni zoopark tikiləcəkdir
Bakı, 27 may (AZƏRTAC). Abşeron rayonunun Qobu qəsəbəsində 55 hektar ərazisi olan yeni zoopark tikiləcəkdir.
Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 27-də Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında demişdir. O bildirmişdir ki, bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə 55 hektar ərazi və dövlət tərəfindən 2,8 milyon manat vəsait ayrılmışdır. Tikinti işlərini Almaniya və Türkiyənin birgə müəssisəsi həyata keçirəcəkdir. Zooparkın yaradılması üçün dünyanın 70-dən çox ölkəsindən mütəxəssislər cəlb olunmuşdur. Zooparkda qəfəs sistemi ləğv ediləcək, divarlar təbii landşaftlardan ibarət olacaqdır. Həmin ərazidə heyvanların çoxaldılması, müalicəsi üçün müasir tipli regional mərkəz yaradılacaqdır. Zoopark “Azərbaycan təbiət dünyası” adı ilə təqdim olunacaqdır.
Ekoloji hüquqpozmalardan danışan nazir bildirmişdir ki, Azərbaycanda 2010-cu ildə 5 mindən çox bu cür hadisə qeydə alınmışdır. Bunlar aktlaşdırılmış, cərimə ödəmələri tətbiq olunmuş, mindən çox iş hüquq mühafizə orqanlarına təqdim edilmişdir. Bu günədək Ətraf Mühitin Mühafizəsi Fonduna köçürmələrin məbləği 6 dəfə artmışdır. Ötən il bu istiqamətdə ödəmələr 1 milyon 100 min manatdan artıq olmuşdur. Tətbiq olunan ödəmələr isə 6-7 milyon manata çatır.
H.Bağırov məlumat vermişdir ki, Azərbaycanda ümumilikdə meşə ilə örtülü ərazilər 0,4 faiz artaraq 11,8 faizə çatmışdır. Bu, əsasən təbii bərpaya dəstəyin hesabına təmin olunmuşdur. Əlli iki min hektardan çox meşə isə Dövlət Meşə Fonduna qəbul olunmuşdur. 2010-cu ildə 248 min manatlıq ziyanla ölçülən 34 min kilometr qanunsuz ağac kəsilməsi qeydə alınmış, bu barədə cəza tədbirləri görülmüşdür. Hüquq mühafizə orqanlarına ekoloji hüquqpozmalarla bağlı göndərilən işlərin 30 faizi belə hallarla bağlı olmuşdur.
Ağacların yetişdirilməsinin davam etdirildiyini deyən nazir vurğulamışdır ki, meşəsalma prosesində istifadə etdiyimiz ağacların 90-95 faizini özümüz yetişdiririk. Son 2-3 ildə 5 milyondan çox ağac əmək kollektivlərinə, icra hakimiyyəti orqanlarına paylanmışdır. Yalnız Abşeron yarımadasında son 3 il yarımda 13 milyondan çox ağac əkilmişdir.
H.Bağırov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.
######
