MƏDƏNİYYƏT
Azərbaycanda siyasi sabitliyin mövcudluğu ölkədə turizmin sürətli inkişafına zəmin yaradır
Bakı, 4 iyun (AZƏRTAC). Turizm Araşdırmaları Beynəlxalq Akademiyasının təsisçi prezidenti, “Turizm tədqiqatları salnaməsi” jurnalının təsisçisi, Turizm Ensiklopediyasının baş redaktoru, Dünya Turizm Təşkilatının “Ulysses” mükafatı laureatı, ABŞ-ın Viskonsin Stout Universitetinin professoru Cəfər Cəfəri Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının yaranması, turizm sənayesi üçün ixtisaslı kadr hazırlığı sahəsində qazanılan uğurlardan danışmış, eləcə də qarşıda duran problemlərə aydınlıq gətirmişdir.
ATİ-ni beynəlxalq təşkilatlarda təmsilçilik fəaliyyətinə toxunan C.Cəfərov dünyanın nüfuzlu universitetləri ilə tələbə-müəllim mübadiləsinin tədrisin keyfiyyətinə müsbət təsir göstərdiyini də diqqətə çatdırmışdır.
Bakının təmiz, möhtəşəm şəhərlərdən biri olduğunu bildirən C.Cəfəri turizmi inkişaf etdirərkən yerli şəraiti, əhali dinamikasını, adət-ənənələri nəzərə almağın vacibliyindən ətraflı söz açmışdır. Bildirmişdir ki, müxtəlif dünyagörüşlü, eyni zamanda, müxtəlif millətlərdən, dinlərdən olan insanlara mədəni xidmət göstərməyi bacaran yüksək ixtisaslı və keyfiyyətli kadr hazırlanmalıdır. ATİ bu missiyanı qarşısına məqsəd qoyan ali təhsil müəssisəsidir. Tədris prosesində tələbələrə yaxşı turizm işçisi olmaq üçün ilk illərdə təklif olunan hər hansı işdən, vəzifədən imtina etməməyi aşılamaq lazımdır. Ölkəyə müxtəlif məqsədlərlə gələn insanlarla ünsiyyət zamanı davranışlarına diqqət yetirilməlidir. Bu da öz növbəsində ölkəyə turistlərin daha çox cəlb edilməsinə, ən əsası da turizmin inkişafına müsbət təsir göstərə bilər.
Qonaq bildirmişdir ki, son vaxtlaradək turizm sənayesində faiz göstəricilərinə görə işçi heyətdə kişilər daha çox üstünlük təşkil edirdisə, artıq qadınların bu sahədəki geniş fəaliyyəti dünyanın hər yerində müsbət qarşılanmaqdadır. ATİ-də xarici ölkə universitetlərindən tanınmış alim-tədqiqatçı və təlimçilərin tədris prosesinə cəlb edilməsi təcrübəsi təqdirəlayiqdir.
Çoxillik təcrübəsinə əsaslanan qonaq turizm sənayesini inkişaf etdirmək üçün ilk növbədə region dövlətləri ilə əlaqələri möhkəmləndirməyin vacibliyini vurğulamışdır. Ölkədə sabitliyin mövcudluğu və qorunması turizm imkanlarını daha da genişləndirir. Hər hansı ölkə turizmin inkişaf modelini gerçəkləşdirmək üçün ilk növbədə dörd il əvvəl onun ali təhsil bazasını yaradır. ATİ də 7 il əvvəl tələbə qəbuluna başlamışdır. Deməli, ATİ turizm sənayesinin yüksək ixtisaslı kadrlara ehtiyacını ödəmək məsuliyyətini daşıyan başlıca ali təhsil ocağıdır.