AZƏRBAYCANLI GƏNC HƏKİMLƏRİN MOSKVADA TƏHSİLİ UĞURLA DAVAM EDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvadakı ali tibb məktəblərinin azərbaycanlı tələbə və aspirantları təhsildə əla nəticələr göstərirlər. Müəllimlərin fikrincə, bu gənclərin gələcək tibbi fəaliyyət üçün çox yaxşı perspektivləri vardır.
Damar sisteminin tədqiqatı sahəsində perspektivli mütəxəssis kimi nüfuz qazanmış belə tələbələrdən biri də Seçenov adına Moskva Tibb Akademiyasının (MTA) şüa və funksional diaqnostika kafedrasının aspirantı Samir Əliyevdir. Azərbaycan Tibb Universitetini bitirmiş və 2004-cü ildə Moskvanın bu aparıcı tibbi müəssisəsinin aspiranturasına daxil olmuş Samir Əliyev hazırda praktiki fəaliyyətlə yanaşı, tanınmış rus alimi, MTA-nın kafedra müdiri, akademik Valeri Sandrikovun rəhbərliyi altında “Ürəklərində cərrahiyyə əməliyyatı aparılmış xəstələrin süni qan dövranı nəticəsində beyində qan sızmasının qiymətləndirilməsi” mövzusunda elmi iş üzərində çalışır.
Samir Əliyev həm də MTA-nın Azərbaycanlı Gənclər Klubunun əlaqələndiricisidir. Bu klub Rusiya Azərbaycanlı Gənclər Təşkilatına (RAGT) daxildir.
Bu yaxınlarda məhz bu klubun fəallarının təşəbbüsü ilə Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyi və MTA ilə birlikdə “Millətə qan lazımdır” adlı donor aksiyası təşkil edilmişdir. MTA-dakı azərbaycanlı gənclər mütəmadi olaraq bu ali məktəbdə müvafiq tədbirlər keçirir, RAGT-nin və ölkəmizin RF-dəki səfirliyinin bütün aksiya və layihələrində fəal iştirak edirlər.
Samir Əliyev demişdir ki, hazırda bu ali məktəbin gənclərinin təşəbbüsü ilə Bakıda MTA-nın müəllim heyətinin iştirakı ilə elmi konfrans keçirilməsi planlaşdırılır. Konfransda Rusiyanın tanınmış həkimləri mühazirələr oxuyacaq, qocaman tibb müəssisələrindən olan Neftçilər xəstəxanasında öz həmkarları ilə diskussiyalar aparacaqlar.
Əslən Xankəndindən olan həmvətənimiz gələcək planları barədə söhbət açaraq bildirmişdir ki, Moskvada təhsilini başa vurduqdan sonra Vətənə qayıtmaq və doğulduğu Xankəndində insanlara tibbi xidmət göstərmək arzusundadır.