Azərbaycanlı musiqiçilərinin Tbilisidə keçirilmiş “Bir səma altında” adlı festivaldakı çıxışları alqışlarla qarşılanmışdır
Tbilisi, 24 may (AZƏRTAC). Sülh və Mülki Bərabərlik üzrə Gürcüstan Dövlət Nazirliyi Aparatının, Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü ilə Tbilisidə “Bir səma altında” adlı etnik festival keçirilmişdir.
Ölkənin əksər milli azlıqlarının nümayəndələrinin iştirak etdikləri festivalda sülh və mülki bərabərlik üzrə dövlət nazirinin birinci müavini Ketevan Sixelaşvili, bəstəkarlardan Manana Albaidze, Vaja Azaraşvili və başqaları çıxış edərək layihənin əhəmiyyətindən danışmış, milli musiqinin populyarlaşdırılması, təşviqi, müxtəlif millətlərin mədəni irsinin dərk olunması, milli dəyərlərin aşkar edilməsi baxımından tədbirin əhəmiyyətini vurğulamışlar.
Riqa və Batumi şəhərlərində keçirilmiş festivallarda “Qran-pri” mükafatına layiq görülmüş gənc azərbaycanlı pianoçu Şaban Məmmədov və müğənni Fikrət Hacıyev festivalda öz məharətlərini bir daha nümayiş etdirmişlər. Onların çıxışları alqışlarla qarşılanmışdır.
Tədbirdə Gürcüstan Prezidentinin milli azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi, Sülh və Mülki Bərabərlik üzrə Dövlət Nazirliyinin əməkdaşı Zaur Darğallı, mədəniyyət nazirliyinin məsul əməkdaşları, incəsənət xadimləri iştirak etmişlər.
Festival iştirakçılarına hədiyyələr təqdim olunmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi