Bakıda turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması ilə bağlı regional seminar keçirilir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Bakıda BMT-nin Dünya Turizm Təşkilatının (DTT) “2011-2012-ci illər üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində regional seminar öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, tədbiri mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov açaraq seminarda Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın rəsmi turizm və statistika üzrə qurumlarının nümayəndələrinin, DTT-nin ekspertlərinin iştirak etməsini yüksək qiymətləndirmişdir. O, Azərbaycanın turizm sənayesinə göstərdikləri dəstəyə görə DTT-nin baş katibi Taleb Rifaiyə və bu təşkilatın ekspertlərinə minnətdarlığını bildirmişdir.
Regional seminarın DTT ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında 2011-ci il martın 23-də İspaniyanın Madrid şəhərində imzalanmış “2011-2012-ci illər üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı”nın Azərbaycanda keçirilməsinə dair anlaşma memorandumuna əsasən təşkil edildiyini qeyd edən nazir müavini vurğulamışdır ki, statistik materialların toplanması digər sahələrdə olduğu kimi, turizm sahəsi üçün də çox vacibdir. Çünki planlaşdırma, konsepsiyaların, inkişaf proqramlarının hazırlanması və tətbiqi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi və digər işlərin səmərəli təşkili tam şəkildə statistik materialların toplanmasından, təhlilindən və istifadəsindən asılıdır.
Nazir müavini bildirmişdir ki, digər sahələrdə olduğu kimi, statistika da ən son və qabaqcıl beynəlxalq təcrübəyə əsaslanmalıdır. Bu səbəbdən beynəlxalq təcrübənin öyrənilməsi baxımından bugünkü seminar xüsusi əhəmiyyət kəsb edir. Artıq ikinci dəfədir ki, keçirilən seminar və ölkəmizdə statistika üzrə beynəlxalq təcrübəli mütəxəssislərinin sayının artması bu sahədə yeni ideyaların və yanaşmaların yaranmasına səbəb olacaqdır.
Bir neçə layihə çərçivəsində Azərbaycanın və DTT-nin birgə çalışdıqlarını bildirən N.Səmədov bunların sırasında “İpək Yolu” Beynəlxalq turizm marşrutunun, “Turizm haqqında” yeni qanun layihəsinin hazırlanmasını xüsusi qeyd etmişdir.
Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində bir sıra islahatların aparıldığını, 10 illik strateji inkişaf planının hazırlandığını söyləyən nazir müavini vurğulamışdır ki, bütün bu təşəbbüslər son dərəcə aydın və şəffaf statistik məlumatlara əsaslanmalıdır.
Tədbirdə DTT-nin Avropa üzrə regional direktorunun müavini Kristofer İmbsen çıxış edərək Azərbaycan hökumətinin turizm sənayesi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, Azərbaycanın zəngin mədəni-memarlıq abidələri, təbii gözəllikləri, əhalisinin qonaqpərvərliyi bu ölkəni dünyanın marağında olan turizm mərkəzinə çevirmişdir.
Sonra turizm statistikası üzrə DTT ekspertlərinin çıxışları dinlənilmiş və müzakirələr aparılmışdır.
Seminar noyabrın 8-də işini davam etdirəcəkdir.