“Bakıelektrikşəbəkə” ASC birinci Avropa Oyunları ilə bağlı iri miqyaslı hazırlıq işləri aparır
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanda həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf ölkə həyatının bütün sahələrində olduğu kimi elektroenergetikanın müasir infrastrukturun yaradılması istiqamətində də mühüm nailiyyətlərin əldə olunmasına şərait yaradıb.
“Bakıelektrikşəbəkə” ASC-dən AZƏRTAC-a bildirilib ki, bu fikirlər qurumun 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən tədbirdə İdarə Heyətinin sədri Baba Rzayevin çıxışında səsləndirilib.
Qeyd olunub ki, paytaxtda dairəvi təchizat sisteminin yaradılması istiqamətində tədbirlər 2014-cü ildə də davam etdirilib. Bu sistemin tətbiq olunması nəticəsində paylayıcı və ötürücü şəbəkələrin dayanıqlığı xeyli dərəcədə artıb. Bu sistemə daxil olan 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisiya Proqramında prioritet yer tutur ki, bu da gələcəkdə paytaxtın elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə zəmanət verəcək.
Xətai rayonu Nobel prospektində “Bakı Ağ şəhər” layihəsi çərçivəsində 110/35/6 kV-luq 2x50 mVA gücündə “Ağ şəhər-1” yarımstansiyası, Əhmədli qəsəbəsindəki köhnə “Həzi Aslanov” yarımstansiyasının yerində 110/35/10 kV-luq 2x40 mVA gücündə yeni yarımstansiya, Sabunçu rayonu Pirşağı, Ləhiş, Kürdəxanı qəsəbələrinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 110/35/6 kV-luq 2x40 mVA gücündə yeni “Kürdəxanı” yarımstansiyası istismara verilib.
2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları ilə bağlı nəzərdə tutulan idman və digər obyektlərin elektrik təchizatının yüksək keyfiyyətli və etibarlı olması üçün iri miqyaslı hazırlıq işləri aparılmaqdadır. Belə ki, tikilməkdə olan Bakı Olimpiya Stadionunun elektrik təchizatı üçün uzun müddət istismarda olan 35/6 kV-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib, 35/6 kV-luq “Koroğlu” və “Olimpiya Stadionu” yarımstansiyaları arasında əlaqənin yaradılması üçün uzunluğu 64,8 kilometr olan 35 kV-luq kabel xətləri çəkilib.
Hazırda Heydər Əliyev adına İdman və Konsert Kompleksinin daxili elektrik təchizat sxemi tamamilə yenidən qurulur. Tikilməkdə olan Su İdman Sarayının elektrik təchizatının dayanıqlığının və etibarlığının təmin edilməsi üçün 220/110 kV-luq “Səngəçal” və “Müşfiq” qovşaq yarımstansiyalarının 110 kV-luq yarımstansiyalar arası 35 kV-luq şəbəkəsi ilə əlaqələndirilib.
Tədbirdə həmçinin Stend Atıcılığı İdman Kompleksinin elektrik təchizatının təmini üçün 35/6 kV-luq 80 nömrəli yarımstansiyanın tam yenidən qurularaq istismara verildiyi vurğulanıb. Eyni zamanda bu yarımstansiya şəhərin su və kanalizasiya sistemlərinin, “Avtovağzal” metro stansiyasının elektrik enerjisi ilə təmininin yaxşılaşdırılması üçün xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan olunması ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC neft-qaz, maşınqayırma, metallurgiya və digər sənaye sahələrinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə təmin olunması istiqamətində də irimiqyaslı tədbirlər həyata keçirilib.
Bildirilib ki, hazırda Bakı şəhəri üzrə həyata keçirilməsinə başlanılmış iri miqyaslı “Bakı Ağ şəhər”, Qaradağ rayonunda “Sənaye parkı”, “Qolf şəhər”, “Bakı Steel Company” yaşayış massivi, Dübəndi-Pirallahı meqalayihələrinin icrası ilə bağlı elektrik enerjisinə olan tələbatın ödənilməsi üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən xüsusi tədbirlər planı hazırlanıb və artıq bu işlərin həyata keçirilməsi istiqamətində tədbirlər görülür.