BAKILI “CƏSURLAR” ORDU SIRALARINA HAZIR OLDUQLARINI NÜMAYİŞ ETDİRİRLƏR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Cəsurlar” hərbi-idman və turizm oyunlarının Bakı şəhəri üzrə zona birinciliyi keçirilmişdir.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Yarışların təntənəli açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Elmar Qasımov, hərbi liseyin kurslar rəisi polkovnik Abdul Əzizov, BŞGİBİ-nin rəisi Məmmədhüseyn Dadaşov və digər şəxslər çıxış edərək, 1998-ci ildən başlayaraq orta məktəblərin 7-8-ci sinif şagirdləri arasında keçirilən “Cəsurlar” hərbi-idman və turizm oyunlarının əhəmiyyətindən, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətindən danışmışlar. Natiqlər vurğulamışlar ki, məqsəd hərbi vətənpərvərlik işini daha da gücləndirmək, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onları ordu sıralarında xidmətə hazırlamaqdır.
Bakının 11 və işğal altında olan rayonların iki komandasının iştirak etdiyi bu mərhələdə məktəblilər sıra hazırlığı, kəndirlə “təhlükəli zolağı” qət etmək, sürünməklə maneəni dəf etmək, istehkamdan hədəfə qumbara atmaq, “zəhərli zona”nı keçmək və digər mərhələlər üzrə öz bacarıqlarını nümayiş etdirmişlər.
Qalib komandalar “Cəsurlar” hərbi-idman və turizm oyunlarının respublika finalında iştirak edəcəklər.