SİYASƏT
BALTİKYANI ÖLKƏLƏRİN AZƏRBAYCANLI GƏNCLƏR VƏ TƏLƏBƏ ASSOSİASİYASI YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Estoniyanın Tallinn şəhərində Baltik Azərbaycanlıları Konqresinin illik iclası keçirilmişdir. İclasda 2008-ci ilin yekunları təhlil edilmiş, 2009-cu il üçün iş planı müzakirə olunmuş, Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyasının yaradılması məsələsinə baxılmışdır.
Diaspor ilə İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, toplantıda Estoniya, Latviya və Litvada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, bu ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclər, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak etmişlər.
İclasdan sonra Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyasının təsis konfransı keçirilmişdir. Konfransda bildirilmişdir ki, Dövlət Komitəsi Baltikyanı ölkələrdə yaşayan və təhsil alan azərbaycanlı gənclərin vahid bir təşkilatda birləşməsini təqdirəlayiq hesab edir. Baltikyanı ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri gənclərə tövsiyələrini vermiş, onlara hərtərəfli maddi və texniki dəstək göstərəcəklərini bildirmişlər.
Təsis konfransında qurumun strukturu müzakirə edilmiş, hər respublikadan 5 nəfər olmaqla şura və 3 nəfərdən ibarət idarə heyətinin yaradılması qərara alınmış, təşkilatın həmsədrləri seçilmişdir. Təşkilatın 3 ölkə üzrə əlaqələndirmə işləri isə koordinator-katiblik institutuna həvalə edilmişdir. Əsasnamənin işlənib hazırlanması məqsədi ilə işçi qrup yaradılmışdır.
Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyasının qərargahı Riqa şəhərində yerləşəcəkdir.
Təşkilatın internet saytı da yaradılacaqdır. Bu işi Azərbaycanın Latviyadakı səfirliyi və Diaspor ilə İş üzrə Dövlət Komitəsi öz üzərinə götürmüşlər.