BƏƏ-də səsvermə prosesi uğurla başa çatıb
Əbu-Dabi, 11 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar keçirilən səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 19:00-da Azərbaycanın Əbu-Dabidəki səfirliyində və Dubay şəhərindəki baş konsulluğunda seçki məntəqələri bağlanıb.
Əbu-Dabi məntəqə seçki komissiyasının sədri Leyla Süleymanova AZƏRTAC-a bildirib ki, səfirlikdə təşkil edilmiş seçki məntəqəsində 72 seçici səs verib (92,3 %).
Ölkəmizin Dubaydakı baş konsulu Cavidan Hüseynovun məlumatına görə, seçki məntəqəsində 188 seçici iştirak edib (95,4 %).
Qeyd edək ki, BƏƏ-də seçici siyahısında 275 nəfər qeydiyyatdan keçib, onlardan 260-ı səsvermədə iştirak edib (94,5 %).
Leyla Süleymanovanın sözlərinə görə, seçkilər Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılıb və Azərbaycan vətəndaşlarının səsvermə prosesində yüksək fəallığı müşahidə olunub. Şəffaf və azad seçki üçün tam şərait yaradılıb, Azərbaycan vətəndaşları öz iradələrini sərbəst və demokratik şəraitdə ifadə ediblər.
Məntəqə seçki komissiyasına hər hansı qanun pozuntusu barədə şikayət və irad daxil olmayıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi