“BELÇİKA AZƏRBAYCAN EVİ” AZƏRBAYCANI AVROPADA TƏBLİĞ EDİR
“Belçika Azərbaycan Evi”ndən AZƏRTAC-a bildirmişlər ki, 2006-cı ildə Belçikada “Terrora və soyqırımına yox!” adlı aksiya keçirilmiş, tədbirə İsveç, Fransa, İngiltərə, Türkiyə, Avstriya, Almaniya və Hollandiyadakı diasporumuzun nümayəndələri də qatılmışdır. İştirakçılara qurumun hazırladığı “Khojaly Genocide” (Xocalı soyqırımı) adlı kompakt disk paylanmışdır. “Belçika Azərbaycan Evi”nin dəstəyi ilə nəşr olunan “EuXəbər” qəzeti Brüsseldə Beynəlxalq Qəzetlər Cəmiyyətinə üzv qəbul edilmişdir.
Qurum Azərbaycanın və Belçikanın adət-ənənələrini tanıtmaq istiqamətində də bir sıra layihələr həyata keçirilmişdir. May ayında Bakı şəhərində Avropa Qonşular Bayramı adlı tədbir keçirmişdir. Azərbaycanın milli mətbəxinin nümunələrindən, onların hazırlanması qaydalarından bəhs edən “Azərbaycan milli mətbəxi” kitabını fransız dilində nəşr etdirmişdir. Kitabda qədim şəhərlərimizi, adət-ənənələrimizi, arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrimizi əks etdirən şəkillər də yer almışdır. 2006-cı il avqustun 30-da isə “Belçika Azərbaycan Evi”nin sədri, “EuXəbər” qəzetinin təsisçisi və baş redaktoru Bülent Gürçam Türkiyənin AKUD alpinistlər klubunun üzvləri ilə birlikdə üzərində ulu öndər Heydər Əliyevin şəkili və “EuXəbər” qəzetinin loqosu olan bayrağı Ağrı dağın zirvəsinə sancmışdır.
Ötən ilin əlamətdar hadisələrindən biri də “London–Azərbaycan Cəmiyyəti” ilə əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin imzalanması olmuşdur.
“Belçika-Azərbaycan evi” 2007-ci ildə də bir sıra tədbirlər həyata keçirəcəkdir. Bunun üçün zəngin tədbirlər planı hazırlanmışdır.