SİYASƏT
Benilüks Azərbaycanlıları Konqresi ətrafında yeni təşkilatları birləşdirir
Strasburq, 23 aprel (AZƏRTAC). Mərkəzi mənzil qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurum ətrafında yeni təşkilatları birləşdirir.
Aprelin 21-də Niderland Krallığının Brabant əyalətində yeni təşkilatın yaranması üçün ilk addımlar atılmışdır.
BAK-ın ətrafında yaradılan “Brabant Əyaləti Azərbaycanlıları Məclisi” əyalətdə yaşayan azərbaycanlıları öz ətrafında birləşdirmək üçün krallığın Tiburq şəhərində toplantı keçirmişdir. Yeni təşkilatın idarə heyəti seçilmiş, müxtəlif şöbə və komissiyalar yaradılmışdır. BAK sədrinin müavini Ofelya Babayeva yekdilliklə qurumun sədri seçilmişdir.
“Brabant Əyaləti Azərbaycanlıları Məclisi” BAK-ın yeni təşkilatları öz ətrafında birləşdirmək layihələrindən biridir. BAK-ın əsas məqsədi Niderland Krallığında və digər Benilüks ölkələrinin əyalətlərində yaşayan azərbaycanlıları Azərbaycanla bağlı həqiqətləri yaşadıqları ölkələrdə təbliğ etmək istiqamətində bir araya gətirməkdən və təşkilatlandırmaqdan ibarətdir.
Bu yaxınlarda Niderlandın şimal əyalətlərində yaşayan soydaşlarımız da təşkilatlanaraq BAK ətrafında sıx birləşmək üçün təşəbbüs qrupu yaratmışlar. Bir neçə aydan sonra əyalətin paytaxtı Haarlem şəhərində “Şimali Hollandiya Azərbaycanlıları İttifaqı” təşkilatının fəaliyyəti rəsmiləşdiriləcəkdir.
Bu tendensiya soydaşlarımızı bir araya gətirmək və BAK ətrafında sıx birləşdirmək üçün Benilüks məkanının bütün əyalətlərində davam etdiriləcəkdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq