SİYASƏT
BERLİNDƏ DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ QEYD EDİLMİŞDİR
Azərbaycanın Almaniyadakı səfirliyindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Berlində fəaliyyət göstərən Alman-Azərbaycan Cəmiyyətinin ofisində 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə mərasim keçirilmişdir.
Tədbiri cəmiyyətin sədri İsmayıl Əmikişiyev açaraq, Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından, onun möhkəmlənməsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin güclü iqtisadiyyata malik dövlətə çevrilməsndən danışmışdır.
İ.Əmikişiyev oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə əlaqədar Berlindəki səfirliyimizə gedərək, vətəndaş borclarını yerinə yetirdikləri üçün cəmiyyət üzvlərinə minnətdarlığını bildirmiş və dövlətimizin başçısı İlham Əliyevin seçkilərdə böyük üstünlüklə qələbə qazanması münasibətilə hamını təbrik etmişdir.
Tədbirdə iştirak edən səfirliyin ikinci katibi Rizvan Nəbiyev mərasim iştirakçılarına səfirliyin Almaniyadakı diaspor təşkilatlarının formalaşması və möhkəmləndirilməsi sahəsində göstərdiyi işlər barədə məlumat vermiş, eyni zamanda yarandığı qısa müddət ərzində Alman-Azərbaycan Cəmiyyətinin fəallığını qeyd etmişdir.
Mərasimdə cəmiyyətin qadınlar bölməsinin əsası qoyulmuşdur. Potsdam Universitetinin doktorantı Maisə Əliyeva bölməyə rəhbər, Sevinc Sultanova isə onun assistenti seçilmişdir. Qərara alınmışdır ki, qadınlar bölməsində həftədə iki dəfə görüşlər keçirilsin və qadın həmvətənlərimizin cəmiyyətin işində fəal iştirakının təmin edilməsi istiqamətində iş aparılsın.
Cari il noyabr ayının 1-dən etibarən cəmiyyətin nəzdində Azərbaycan dili və azərbaycanşünaslıq kursları fəaliyyət göstərəcəkdir.