BERLİNDƏ “OCAQ” CƏMİYYƏTİNİN 20 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 15-də Almaniyanın paytaxtı Berlin şəhərində “Ocaq” Azərbaycan mədəniyyət cəmiyyətinin 20 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilati dəstəyi ilə baş tutmuş tədbiri giriş sözü ilə cəmiyyətin sədri Akkar Ciftli açmış, cəmiyyətin ötən 20 ildə göstərdiyi fəaliyyətə qısa ekskursiya etmiş və Almaniyada Azərbaycan diasporunun formalaşması prosesində “Ocaq” cəmiyyətinin gördüyü işlərdən bəhs etmişdir.
Almaniyadakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzinin sədri Samirə İsmayılova demişdir ki, cəmiyyət artıq əsil fəaliyyət göstərmək üçün ən məhsuldar dövrünə gəlib çatmışdır. Sədr təmsil etdiyi qurumun və “Ocaq” cəmiyyətinin növbəti tədbirləri daha səmərəli təşkil etmək üçün birgə fəaliyyət proqramı hazırlayacağına ümidvar olduğunu bildirmişdir.
Azərbaycan Dövlət kvarteti və muğam ustalarından ibarət üçlük Azərbaycan bəstəkarlarının klassik əsərləri və muğamlardan ibarət musiqi proqramı ilə çıxış etmişdir. “Ocaq” cəmiyyətinin yubileyi münasibətilə çap olunmuş və cəmiyyətin yaranma tarixi, keçirdiyi tədbirlər və göstərdiyi fəaliyyət barədə qısa xülasə, eləcə də gələcək planlarını əks etdirən broşürlər tədbir iştrakçılarına paylanmışdır.
“Ocaq” cəmiyyəti Şərqi və Qərbi Almaniya birləşməzdən xeyli əvvəl - 1988-ci ildə Almaniyada təsis edilmiş ilk Azərbaycan diaspor təşkilatıdır. Cəmiyyətin əsası Cənubi Azərbaycandan Almaniyaya mühacirət etmiş soydaşlarımız tərəfindən qoyulmuşdur. Təsisçilərin əsas amalı vətənləri Azərbaycan haqqında həqiqətləri Avropa məkanında yaya bilmək, ölkəni daha yaxından tanıtmaqdan ibarət olmuşdur.
“Ocaq” cəmiyyəti yarandığı gündən indiyədək Azərbaycan mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti və iqtisadi inkişafını Almaniyada təbliğ etmək üçün çoxlu tədbirlər keçirmişdir.