Beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun vəfatı xaricdə yaşayan soydaşlarımızı da dərindən sarsıtmışdır
Bakı, 14 yanvar (AZƏRTAC). Azərbaycanın məşhur şahmatçısı, ölkə və Avropa çempionu, beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun vəfatı xaricdə yaşayan soydaşlarımızı da sarsıtmışdır.
Azərbaycanlı şahmatçının uzun sürən xəstəlikdən sonra yanvarın 11-də Haydelberq xəstəxanasında vəfatı ilə bağlı xəbər Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) tərəfindən bu ölkədə fəaliyyət göstərən bütün Azərbaycan diaspor təşkilatlarına çatdırılmışdır. Azərbaycan diasporunun nümayəndələri mərhumun ailəsi ilə telefon əlaqəsi yaradaraq başsağlığı vermişlər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Almaniyada yaşayan azərbaycanlılar yanvarın 13-dən 14-nə keçən gecə Vüqar Həşimovun cənazəsinin Vətənə yola salınması mərasimində də iştirak etmişlər. Frankfurt Hava Limanında toplaşan Avropa Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Şimali Reyn Əyaləti Alman-Azərbaycan Mədəniyyət (NRV) Cəmiyyətinin nümayəndələri mərhum qrossmeysterin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
NRV-nin sədri Təranə Tağıyeva və cəmiyyətin nümayəndələri mərhum Vüqar Həşimovun ailəsi və yaxınları ilə görüşmüş, onlara Almaniyada yaşayan azərbaycanlılar adından başsağlığı vermiş, Azərbaycan diasporunun belə ağır gündə öz həmvətənlərinin yanında olduğunu bildirmişlər.