Beynəlxalq Maliyyə İnstitutu: Qlobal borclar 307 trilyon dolları aşıb
Bakı, 17 noyabr, AZƏRTAC
Beynəlxalq Maliyyə İnstitutunun (IIF) son hesabatında bildirilir ki, cari ilin üçüncü rübündə qlobal borcların məbləği 307 trilyon dolları aşıb və bu rəqəmin ilin sonunadək 310 trilyon dollara çatacağı gözlənilir.
AZƏRTAC IIF-in hesabatına istinadla xəbər verir ki, qlobal borcların məbləği ötən ilin analoji dövründə 289 trilyon dollar olub. Ən çox borcu olan ölkələr ABŞ, Yaponiya, Fransa, İngiltərə, Çin, Hindistan, Braziliya və Meksikadır. Sektoral bazada yanaşdıqda, bu il dövlət borclarının daha çox olduğu müşahidə edilir. Qlobal borcların ÜDM-lərə nisbəti isə 333 faiz təşkil edib.
Hesabatda vurğulanıb ki, qlobal iqtisadi artım templərinin zəif olması və inflyasiya təzyiqlərinin azalması fonunda qlobal borcların məbləğinin yuxarıya doğru hərəkəti davam edəcək. Sektoral bazada detallara gəldikdə, hesabat dövründə şəxsi borclar 57,9 trilyon dollar, qeyri-maliyyə şirkətlərinin borcları 91,1 trilyon dollar, dövlət sektorunun borcları 88,1 trilyon dollar, maliyyə qurumlarına aid borclar isə 70,3 trilyon dollar olub. İnkişaf etmiş ölkələrin borcları 206 trilyon dollara, inkişaf etməkdə olan dövlətlərin ki, isə 101,3 trilyon dollara yüksəlib. Sonunculardan borcun ÜDM-yə nisbəti 255 faiz təşkil edib.
IIF vurğulayıb ki, ayrı-ayrı ölkələrdə siyasətçilərin populist davranışları borc səviyyəsini daha da yüksəldə bilər. Belə ki, gələn il 50-dən çox ölkədə keçiriləcək seçkilər, ABŞ-Çin strateji rəqabəti, Ukrayna və Qəzzada müharibələr geosiyasi gərginliyi artıracaq, eyni zamanda, hökumətlərin maliyyə intizamına əməl etməməsi qlobal borclarla bağlı problemi daha da kəskin edəcək.