Beynəlxalq simpoziumda Azərbaycanın turizm sənayesinin inkişaf mərhələlərindən bəhs edən məruzə maraqla qarşılanmışdır
Bakı, 3 may (AZƏRTAC). Türkiyənin Kahramanmaraş şəhərində Qazi Universiteti və Kahramanmaraş bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Türk və dünya mədəniyyətində Kahramanmaraş. Xalq sənətləri” mövzusunda simpozium keçirilmişdir.
Simpoziumda Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Litva və Estoniyadan tədqiqatçı alimlər iştirak etmişlər.
Beynəlxalq tədbirin məqsədi xalq sənətinin təbliği, qorunub saxlanılması və turizm məhsulu kimi satışının təşkilinə nail olmaq idi. İştirakçılar simpoziumun proqramına əsasən, öz ölkələrinin sənət tarixi barədə danışmış, eyni zamanda, xalq sənət nümunələrini geniş nümayiş etdirmişlər.
Azərbaycan Turizm İnstitutundan AZƏRTAC-a bildirmişlər ki, bu ali məktəbin baş müəllimi, sənətşünaslıq elmləri namizədi Günay Qafarova simpoziumda “Azərbaycan xalq sənətinin parlaq nümunələri” mövzusunda məruzəsində muzeylərimizdə saxlanılan dekorativ tətbiqi sənət nümunələri və onların hazırlanma üsullarından danışmışdır.
G.Qafarova iştirakçıların nəzərinə çatdırmışdır ki, son vaxtlar Azərbaycanda turizm sənayesinin gündən-günə inkişafı, ölkəmizə böyük turist axını bizdən tələb edir ki, xalq sənət nümunələrinin geniş çeşiddə hazırlanmasına diqqəti daha da artıraq. Eyni zamanda, qədim sənətkarlıq mərkəzləri - Lahıc, Şəki, Basqal və digər yerlərə turist səfərlərinin təşkilinə xüsusi fikir verək, unudulmaqda olan milli sənətkarlıq ənənələrini yenidən bərpasına çalışaq.