BİŞKEKDƏ AĞSAQQALLARLA GƏNCLƏRİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdəki “Türkel” fondu və eyni adlı qəzetin təşəbbüsü ilə ağsaqqalların gənclərlə görüşü keçirilmişdir. Tədbirdə ölkədə yaşayan müxtəlif xalqları təmsil edən ağsaqqallar-şairlər, yazıçılar, tarixçilər, təhsil müəssisələrinin rəhbərləri, ayrı-ayrı diaspor təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Fondun prezidenti Hökumə Xəlilova görüşü açaraq indiki dövrdə ağsaqqal sözünün kəsərinin artırılması, uşaqların böyüklərə hörmət ruhunda tərbiyə olunmasının gücləndirilməsi, ağsaqqalların bilik və təcrübəsindən istifadə olunması məsələlərindən danışmışdır.
Görüşdə iştirak edən soydaşlarımız-ölkədə tanınmış pedoqoq və tərbiyəçi Flora Şıxlinskaya, Rəfibəylilər nəslinin Qırğızıstandakı ağsaqqalı, professor Akif Rəfibəyli və başqaları ağsaqqalların cəmiyyətdəki rolundan danışmış, repressiya illərində sürgün edilmiş müxtəlif xalqların nümayəndələri arasında səmimi münasibətlərdən, yerli xalqların onlara göstərdiyi ehtiramdan söhbət açmışlar.
Bişkekdə çap olunan ”Türkel” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli fondun təsis etdiyi “2006-cı ilin diplomat qadını” fəxri diplomunu Türkiyənin Qırğızıstandakı səfiri Fatima Serpil Alpmana təqdim etmişdir.
Sonra Azərbaycan, qırğız, qazax, uyğur, qaraçay və digər xalqların mahnı və rəqsləri ifa olunmuşdur.