Bişkekdə Ümummilli Lider Heydər Əliyev haqqında ən yaxşı inşa müsabiqəsinə start verilib
Bakı, 13 aprel, AZƏRTAC
Bişkekdəki Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada 10-cu sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan” mövzusunda ən yaxşı inşa müsabiqəsinə start verilib. Bu tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib.
AZƏRTAC xəbər verir ki, müsabiqə Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfirliyi tərəfindən təşkil edilib.
Aprelin 12-də məktəb-gimnaziyada müsabiqənin açılış mərasimi keçirilib. Tədbiri Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov açıb. Qırğızıstanın “Piramida” telekanalı müsabiqənin açılış mərasimini işıqlandırıb.
Müsabiqədə birinci, ikinci və üçüncü yerləri tutan iştirakçılara səfirlik adından mükafatlar təqdim ediləcək.