BMT-nin baş katibi Dünya Ətraf Mühit Günü ilə bağlı müraciət etmişdir
Bakı, 3 iyun (AZƏRTAC). BMT-nin baş katibi Pan Gi Mun Dünya Ətraf Mühit Günü ilə bağlı müraciət etmişdir.
Müraciətdə deyilir ki, 1992-ci ildə keçirilmiş Yer Sammitindən təxminən 20 il sonra dünya liderləri 2012-ci ilin iyununda keçiriləcək Davamlı İnkişaf üzrə BMT Konfransında yenidən Rioda bir araya gələcəklər. Son iyirmi il ərzində həm geosiyasi, həm də ətraf mühit baxımından çox şey dəyişmişdir. Asiyada, Latın Amerikasında və Afrikada yüz milyonlarla insan getdikcə yoxsulluq şəraitindən çıxır. Bununla belə, əldə edilən uğurlarımızın davamlı olmasını təmin etmək üçün planetimizdə dərin və köklü dəyişiklər baş verdiyini göstərən sübutlar da artmaqdadır.
Vurğulanır ki, bu il Dünya Ətraf Mühit Gününün “Meşələr: Təbiət sizin xidmətinizdədir” mövzusu bu və digər ekoloji sistemlərin cəmiyyət, xüsusilə yoxsul icmalar üçün bir neçə trilyon dollarlıq dəyərini ifadə edir. Biz davamlı inkişafın üç prinsipi olan - sosial, iqtisadi və ətraf mühitin inkişafına eyni dərəcədə əhəmiyyət vermədikcə ədalətli və bərabər dünya qura bilmərik. Davamlı şəkildə yoxsulluğu azaltmaq, ərzaq və qida təhlükəsizliyini təmin etmək və artan əhaliyə layiqli iş yerləri yaratmaq üçün təbii kapitalımızdan əlverişli şəkildə istifadə etməliyik.
2011-ci ilin Dünya Ətraf Mühit Gününə ev sahibliyi edən Hindistan ekoloji dəyişikliklərin səbəb olduğu təzyiqlərlə mübarizə aparan ölkələr sırasındadır. Bu ölkə, həmçinin BMT-nin Ətraf Mühit Proqramı və Dünya Bankının dəstəyi ilə təbiət xidmətlərinin iqtisadi dəyərinin daha yüksək qiymətləndirilməsinə kömək edir. Hindistanda Kənd Məşğulluq Fəaliyyəti haqqında qanunun qəbul edilməsi və ölkənin bərpa olunan enerjidən istifadəni genişləndirməsi yaşıllığın artırılması və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinin mühüm nümunələridir.