SİYASƏT
Bu böyük bayramı bizə ulu öndər Heydər Əliyev bəxş etmişdir
Bakı, 28 dekabr (AZƏRTAC). Dünya Azərbaycanlılarının hər il təntənə ilə qeyd etdikləri bu böyük bayramı bizə ulu öndər Heydər Əliyev bəxş etmişdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə müsahibəsində demişdir.
N.İbrahimov bildirmişdir ki, ümummilli lider həm də dünya azərbaycanlılarını bir araya gətirmək məqsədilə Diasporla İş üzrə Dövlət Komitəsini təsis etmişdir. Artıq on ildən çoxdur fəaliyyət göstərən Dövlət Komitəsi dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi və bütövlüyü naminə çalışır.
Bu əlamətdar günün əhəmiyyətindən danışan komitə sədri demişdir ki, məhz dekabrın 31-də dünyada yaşayan soydaşlarımız bir yerə toplaşaraq həmrəylik nümayiş etdirirlər.
Sədr ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin bu gün diaspor işinə xüsusi diqqət yetirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, bütün bunlar Azərbaycan diasporunun çox qısa müddət ərzində formalaşmasına və inkişafına şərait yaratmışdır. Artıq bütün dünyada Azərbaycan diasporunun mütəşəkkil surətdə təşkil olunması nəticəsində bədnam qonşularımızın ölkəmizə qarşı atdıqları hər addımın qarşısı operativ surətdə, qətiyyətlə alınır.