Çinşünas tələbələr Xocalı soyqırımının 29-cu ildönümünü qeyd ediblər
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu çinşünas tələbələrin iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin ən dəhşətli hadisələrindən biri kimi Xocalı qətliamının nəticələrindən danışıb, dünyada bu qanlı faciə haqqında həqiqətlərin yayılmasına, soyqırımı kimi tanınmasına nail olmağın vacibliyini xüsusi qeyd edib.
O, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlərin, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyasının əhəmiyyətini vurğulayıb.
Konfutsi İnstitutunun Çin dili müəllimi Əfsanə Mirsalayeva Xocalı soyqırımı qətnamələrinin son illərdə bir çox dövlətlərin qanunverici orqanlarında qəbul olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi Şəbnəm Məmmədova Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib. O, Çin dilində hazırladığı videoçarxda Xocalıda törədilmiş qanlı cinayətləri nümayiş etdirib.