Daşkənddə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin konfransı keçirilmişdir
Daşkənd, 31 mart (AZƏRTAC). Daşkənddə Respublika Azərbaycan Mədəniyyət Mərkəzinin (RAMM) konfransı keçirilmiş, qurumun sədri və müavinləri seçilmişdir.
Konfransda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Beynəlmiləl Mədəniyyət Mərkəzinin direktoru Nəsrəddin Məhəmmədiyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Füzuli Nəcəfov, Daşkənd şəhər, həmçinin Daşkənd, Səmərqənd, Buxara, Nəvai və Sırdərya vilayətlərindəki mədəniyyət mərkəzlərindən gəlmiş nümayəndələr iştirak etmişlər.
Konfransı Təşkilat Komitəsinin sədri Xasay Abdullayev açaraq gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, tədbirdə paytaxtdakı və regionlardakı mədəniyyət mərkəzlərindən 62 nümayəndə iştirak edir.
Sonra RAMM-nin sədri Mobil Məmmədov hesabat məruzəsi ilə çıxış etmişdir.
Səfir Hüseyn Quliyev Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin inkişaf etdiyini bildirmiş, bu ölkədə yaşayan soydaşlarımız haqqında danışmışdır. Qeyd edilmişdir ki, Özbəkistanda yaşayan azərbaycanlılar öz əməksevərliyi ilə ad-san qazanmışlar. H.Quliyev RAMM ilə yaxşı əlaqələr qurulduğunu söyləmiş, birgə tədbirlərin keçirildiyini bildirmişdir. Diplomat Azərbaycan və özbək rəssamlarının birgə sərgilərinin və bir sıra digər tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
Nəsrəddin Məhəmmədiyev çıxış edərək demişdir: “Dilimiz, dinimiz, adət-ənənələrimiz çox oxşardır. Biz bir-birimizi tərcüməsiz anlayırıq”. O, həmçinin Özbəkistanda yaşayan azərbaycanlılar üçün yaradılmış şəraitdən danışmışdır.
Füzuli Nəcəfov Azərbaycan dövlətinin xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarına diqqət və qayğısı haqqında danışmışdır. Qeyd edilmişdir ki, Özbəkistan bu ölkədə yaşayan soydaşlarımızın vətənidir. Burada ad-san qazanmış soydaşlarımız yaşamışlar və indi də həyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər.
Azərbaycanın və Özbəkistanın Xalq Artisti, professor Firudin Səfərov demişdir ki, 35 ilə yaxındır Əlişir Nəvai adına Opera və Balet Teatrında çalışır və bu teatrda 40-a yaxın əsərə səhnə həyatı vermişdir. F.Səfərov RAMM idarə heyətinin üzvü kimi gördüyü işlər haqqında da məlumat vermişdir.
Daşkənd şəhər Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Kamil Kərimov, Nəvai vilayətindəki Mədəniyyət Mərkəzinin rəhbəri Sevil Balayeva və başqaları RAMM-nin fəaliyyətinin gücləndirilməsi istiqamətində görüləcək işlər haqqında danışmışdır.
Sonra RAMM-nin 23 nəfərdən ibarət idarə heyəti seçilmişdir.
Həmin gün RAMM idarə heyətinin iclası da keçirilmiş, səsvermə yolu ilə Mobil Məmmədov yenidən qurumun sədri seçilmişdir. Firdovsi Hüseynov sədrin müavini-icraçı direktor, Kamil Kərimov və Mazan Mazanov isə sədrin müavinləri təsdiq edilmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd