Deputat: Azərbaycanı sevməyənlər belə artıq anlayırlar ki, bizim mübarizəmiz ədalətlidir
Bakı, 4 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Bu gün bütün dünyanın diqqəti Azərbaycandadır. Dünyanın məşhur telekanalları Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevdən müsahibələr alır, Azərbaycan və Ermənistan arasında nə baş verdiyi barədə onun özündən eşitmək istəyirlər. Azərbaycan Prezidenti yüksək intellekti, peşəkar siyasətçiyə xas olan qətiyyətli, təmkinli, məntiqli cavabları ilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Prezident İlham Əliyevin çıxışlarından sonra hətta Azərbaycanı sevməyənlər belə artıq anlayırlar ki, ölkəmizin mübarizəsi həm tarixi, həm də beynəlxalq hüquq baxımından ədalətlidir. Azərbaycan müharibə aparmır, Azərbaycan işğal altında olan ərazilərini azad edir, öz ərazi bütövlüyünü bərpa edir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan düşmənin növbəti hərbi təxribatına cavab olaraq, sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarını uğurla davam etdirir, düşmənin hərbi texnikası və canlı qüvvəsi məhv olunur: "Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 il işğal altında olan torpaqlarımızı kəndbəkənd azad edir, qəhrəmanlıq tariximizə yeni səhifələr yazır. Dünən daha 7 kəndimiz azad edildi. Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Əsgəri!"
T.Cəfərova Azərbaycanın döyüş meydanında üstünlüyünün işğalçı Ermənistanın, ona havadarlıq edən dövlətlərin, beynəlxalq təşkilatların narahatlığına səbəb olduğunu qeyd edib. Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq hər gün bir çox aparıcı dünya dövlətlərinin başçıları, ATƏT-in Minsk qrupu da daxil olmaqla, beynəlxalq təşkilatların rəhbərləri Azərbaycan Prezidentinə zənglər edir, bəyanatlar verirlər, Azərbaycanı əks-hücumu durdurmağa çağırırlar: "30 ilə yaxın öz mövqesizliklərı, fəaliyyətsizlikləri ilə işğalçı Ermənistana faktiki dəstək verən dövlətlər və beynəlxalq təşkilatlar, birdən-birə Prezidentə zəng vurmaq üçün növbəyə duraraq, Azərbaycanı sülhə, danışıqlar prosesinə dəvət edir, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində aparılan əməliyyatlarına mane olmağa çalışırlar. Məqsəd əvvəlki olaraq qalır: Ermənistanı qorumaq.
Azərbaycan Prezidentinin cavabı isə qəti və birmənalı oldu: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Mənim tələb etdiklərim tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi “Dağlıq Qarabağ respublikası”nı tanımır". Dövlətimizin başçısı qətiyyətlə öz mövqeyini ortaya qoyaraq başa saldı ki, müharibəyə o vaxt son qoyulacaq ki, ermənilər bizim ərazilərimizi tərk etsinlər”.
Deputat bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlar özlərini ədalət, sülh tərəfdarı kimi göstərməyə çalışsalar da, reallıq budur ki, onlar Ermənistana dəstək göstərməkdə davam edirlər. ATƏT-in Minsk Qrupunun 3 həmsədri ötən gün 3 dövlət başçısı kimi bəyanatla çıxış ediblər. Bu bəyanatlar bölgədə sülhə töhfə verməyə xidmət etmir. Fransa Prezidenti Emmanuel Makronun son açıqlamaları bu qəbildəndir. E.Makron deyir ki, “Qarabağın Azərbaycan tərəfindən yenidən ələ keçirilməsini qəbul etməyəcəyik”. Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan torpağının işğalçıdan azad olunması Azərbaycan xalqının haqqıdır və beynəlxalq hüququn tələbidir.
Fransa kimi bir dövlətin, ən əsası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi belə mövqe tutması onun münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir, neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır və Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyasına uyğun gəlmir, birtərəfli və qərəzlidir: "Makronun bəyanatı bir daha göstərmiş oldu ki, Fransa dövləti Ermənistanın işğalçı siyasətini dəstəkləyir və beynəlxalq dəyərləri yox sayır. İşğalçı Ermənistan ordusu yeni təxribatlar törədərək Azərbaycanın mülki əhalisini hədəf alır. Bu istiqamətdə bir çox faktların olmasına baxmayaraq, Fransa dövləti məsələyə obyektiv qiymət vermir. Bu zaman demək olar ki, Fransa işğalçının yanındadır. Minsk qrupunun həmsədri olan ölkələr işğalçı Ermənistana qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir"
T.Cəfərova Prezident İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində bununla bağlı məqamları vurğuladığını qeyd edib: "Dövlətimizin başçısı birmənalı olaraq vurğuladı ki, milli mövqedən çıxış etmək istəyənlər Minsk qrupunun həmsədrliyindən çıxmalıdır. Vasitəçi ölkə neytral mövqe nümayiş etdirməlidir.
"Fransa, ABŞ, Rusiya dövlətləri və bir sıra beynəlxalq qurumlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların bərpasına dair çağırışlar edirdilər. Ancaq bu günə kimi beynəlxalq təşkilatların yürütdüyü mövcud danışıqlar formatında heç bir nəticə əldə olunmayıb. Ona görə də hazırda tərəfləri sülhə çağırış mənasızdır. Sülhdən yalnız işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından tamamilə çıxdığı zaman danışmaq olar. Artıq dünya bu reallığı qəbul etmək məcburiyyətindədir ki, kağız üzərində qalan bəyanatlarla Azərbaycan dövlətini, xalqını arxayın salmaq, bundan sonra hələ neçə illər də gözlətməyə vadar etmək mümkün deyil. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!", - deyə T.Cəfərova əlavə edib.