Deputat: Qəhrəmanlar təkcə ön cəbhədə olmurlar, gəncəlilər bunu bir daha sübut etdi

Bakı, 4 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC
Oktyabrın 4-ü səhər saatlarında Ermənistanın öz ərazisindən Gəncə şəhərini və digər ərazilərimizi hədəf alması bir daha təsdiq edir ki, əsas məqsəd Azərbaycan tərəfini təhrik etməklə münaqişənin miqyasını genişləndirməkdir. Qarşı tərəf bununla KTMT-yə üzv dövlətləri müharibəyə cəlb etməyi planlaşdırır. Bu, Ermənistanın çarəsizliyinin əlamətidir. Artıq düşmən dövlət Azərbaycanın rəşadətli ordusu ilə baş edə bilmir. Bunu da açıq şəkildə göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
M.Cəfərov deyib: “Ermənistan bilsin ki, digər dövlətləri, terrorçu qrupları müharibəyə cəlb edərək Azərbaycanı haqq davasından çəkindirə bilməyəcək. Gəncənin vurulması gəncəliləri qorxuya sala bilməz. Mən özüm Gəncədəyəm, hazırda hər kəs öz işində, gücündədir. İnsanların təhlükəsizliyi üçün dövlətimiz tərəfindən bütün tədbirlər görülüb. Qəhrəman insanlarımızla fəxr etdim. Qəhrəmanlar təkcə ön cəbhədə olmur, gəncəlilər bunu bir daha sübut etdi”.
Deputat diqqətə çatdırıb ki, düşmən nəinki Gəncə, eyni zamanda, cəbhəyanı bölgələrdə mülki obyektləri və mülki əhalini hədəfə alır və raket zərbələri endirir: “Əgər ki, azərbaycanlılar evini tərk edəcək qədər qorxaq olsaydı, Tərtər, Tovuz kimi düşmənlə üzbəüz olan rayonlarda hazırda yaşayış olmazdı.
Mən mənfur qonşularımızın bu təxribatına qarşılıq deyə bilərəm ki, bu, bizi daha da gücləndirir, qələbəyə daha da həvəsləndirir. Düşmənin təxribatları cavabsız qalmayacaq və qalmır da. Çünki biz haqq müharibəsindəyik və bizim işimiz haqq işidir. Bizim düşmən dövlətin torpaqlarına hərbi əməliyyatlar aparmaq fikrimiz belə yoxdur".
Müşfiq Cəfərov vurğulayıb ki, düşmənin mülki əhalini hədəf alması insanlarımızı qorxutmur, əksinə, ordumuza olan güvən və inamı artırır. Vətəndaşlarımız yeni qələbə xəbəri gözləyirlər. İnsanların sevinci gözündən oxunur.
“Görünən budur ki, erməni xüsusi xidmət orqanları olduqca bərbad işləyir. Azərbaycan Ordusunun ən müasir texniki vasitə və arsenala əsaslanan strategiyasına, mükəmməl həmlələrinə onlar köhnə, artıq primitiv sayılan üsullarla, yalançı dezinformasiya və təbliğatla cavab vermək istəyir. Elə bilirlər 4-5 mərmi atan kimi hamı təşvişə düşüb qaçacaq. Hazırlaşın, Azərbaycan türkləri elliklə Şuşaya gəlir!”, - deyə deputat inamını ifadə edib.