Dövlət Arxivi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasını davam etdirir
Bakı, 8 aprel, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun olaraq silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxivləri tərəfindən müvafiq tədbirlər, o cümlədən ağacəkmə aksiyaları keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək üçün Dövlət Arxivinin Şirvan filialında növbəti tədbir həyata keçirilib. Dövlət Arxivi Şirvan filialının rəhbərliyi və kollektivi tərəfindən filialın həyətində yeni həmişəyaşıl ağaclar əkilib, mövcud ağaclara aqrotexniki qulluq göstərilmiş, abadlıq və təmizlik işləri görülüb.