SİYASƏT
DUBAYDA AZƏRBAYCANIN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR
Cəmiyyətin sədri Samir İmanov hər iki hadisə münasibətilə diasporun üzvlərini və bütün Azərbaycan xalqını təbrik etmişdir.
Xalqımızın azadlıq mübarizəsindən danışan Samir İmanov demişdir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illərində ağır vəziyyətlə üzləşmiş Azərbaycan yenə də müstəqilliyini itirməklə üz-üzə qalmışdı. Ancaq xalqımızın xoşbəxtliyi onda idi ki, belə bir mürəkkəb dövrdə onun Heydər Əliyev kimi sınanmış lideri var idi və bu ölüm-dirim savaşında o, artıq tək deyildi.
Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin yüksək dühası və siyasi uzaqgörənliyi sayəsində bir neçə dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, respublika daxilində sabitlik təmin edildi. Azərbaycanın hərtərəfli tərəqqisinə, xalqımızın milli, mədəni, tarixi ənənələrinə, ümumbəşəri dəyərlərə söykənən, sivil, demokratik cəmiyyətin yaradılmasına xidmət edən islahatların həyata keçirilməsinə start verildi. Qısa müddətdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu.
Bildirilmişdir ki, bu xətt Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Son illər Azərbaycanın dinamik inkişafı, uğurlu neft strategiyası, ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri Azərbaycanı regionda lider dövlətə çevirmişdir.
Azərbaycanda 15 oktyabr prezident seçkilərinin azad, şəffaf və demokratik şəraitdə baş tutduğunu bildirən cəmiyyətin sədri, dövlətimizin başçısı İlham Əliyevin qələbəsinin ölkəmizin dinamik inkişafını təmin edən islahatların, əhalinin rifah halının yüksəldilməsi, işsizliyin azaldılması, yeni iş yerlərinin açılması üçün həyata keçirilən məqsədyönlü tədbirlərin, uğurlu neft strategiyasının, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun məntiqi nəticəsi olduğunu vurğulamışdır.
Tədbirdə Heydər Əliyevin Azərbaycan dövlətinin tərəqqisi uğrunda gördüyü işləri və ulu öndərin həyatını əks etdirən film nümayiş olunmuşdur.