Elmar Məmmədovun həyatı və ölümsüzlüyü
Bakı, 25 sentyabr, Nərgiz Sadıxlı, AZƏRTAC
Bu günlərdə 1992-ci ildə Daşaltı uğrunda döyüşlərdə şəhid olmuş azərbaycanlı hərbçilərin doğmaları sağalmayan yaranın ağrısı ilə qarışıq sevinc hissi yaşayırlar. Meyit qalıqları eyniləşdirilmiş bu qəhrəmanların adları bu yaxınlarda keçirilən “ İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda açıqlanıb. Tədbirdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki, Daşaltı kəndində aşkar edilən meyit qalıqlarının eyniləşdirilməsi Prezident İlham Əliyevin tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin tərkibində yaradılmış və ən müasir avadanlıqla təchiz edilmiş genetik laboratoriyada aparılıb.
Konfransa sayılı günlər qalmış 10 nəfərin meyitlərinin qalıqları eyniləşdirilib, onlardan biri mülki şəxs, doqquzu hərbi qulluqçu olublar.
Daşaltı kəndində həlak olanlar arasında xüsusi təyinatlı, vzvod komandiri Elmar İnqilab oğlu Məmmədov da olub. İndi onun oğulları İlkin və Cavidan üçün qəhrəmanın xatirəsinin önündə baş əyəcəkləri məzar var. Elmar Məmmədov 1967-ci il mayın 25-də Bakıda dünyaya gəlib. O Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Minlərlə vətəndaşımız kimi, Elmar da erməni separatçılarının ərazi iddialarına, Ermənistanda və Qarabağda öz doğma yurdlarından didərgin salınmış həmvətənlərinin əzablarına biganə qala bilməzdi. O, 1990-cı ilin Yanvar faciəsindən sonra silaha sarıldı və cəbhəyə yollandı. Qəhrəman döyüşçü Tərtər, Goranboy, Quşçular və Malıbəyli uğrunda döyüşlərdə düşmənə ağır zərbələr endirdi. Onun sonuncu döyüşü 1992-ci il yanvarın 26-da Daşaltı kəndində oldu.
Həmkarımız Cavidan Məmmədov deyir: “Atam həlak olanda, qardaşım İlkin iki il altıaylıq idi, mənim isə iki ayım tamam olmuşdu. Anam iyirmi iki yaşında iki uşaqla dul qaldı. Babam deyirdi ki, atamın komandiri, Milli Qəhrəman Riyad Əhmədov Daşaltı əməliyyatından əvvəl atama körpə uşaqları olduğu üçün döyüşdə iştirak etməməyi təklif edib. Bu təklifdən imtina edən atam cavab verib: “Vətəni qorumaq lazımdır”. O, bizim üçün həmişə Vətənə sadiq olan cəsur azərbaycanlı idealı olub və belə olaraq da qalacaq”.
İndi Elmar Məmmədovun atası və son günədək onun ölümünə inana bilməyən vəfalı ömür-gün yoldaşı Gülbəniz xanım həyatda yoxdurlar. Həyat isə davam edir. Məmmədovlar ailəsində babası kimi hərbçi olmağı arzulayan kiçik Elmar böyüyür.
Belə bir deyim var ki, müharibə həlak olan son əsgər dəfn edilənə qədər başa çatmış sayılmır. Bütün azərbaycanlılar, həmçinin Birinci Qarabağ müharibəsində doğmalarını itirənlər və onların son mənzilindən məlumatı olmayanlar üçün müharibə hələ də davam edir.