İQTİSADİYYAT
Energetika Nazirliyinin 2015-ci il üzrə iş planı təsdiqlənib
Bakı, 25 dekabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Energetika Nazirliyi Aparatının və o cümlədən Dövlət Enerji Nəzarəti və Dövlət Qaz Nəzarəti idarələrinin 2015-ci il üzrə iş planları təsdiqlənib. Nazirlik tərəfindən 2014-cü ildə görülmüş işlərin yekun nəticələrinin hazırlanması və hesabatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsinə dair qərar qəbul edilib. Azərbaycan Respublikasının 2015-ci il üzrə enerji balansının vaxtında hazırlanması müzakirə edilib və icrası üçün müvafiq göstərişlər verilib.
İclasda həmçinin, Müstəqil Dövlətlər Birliyinin Elektroenergetika Şurasının 46-cı iclasının qərarı ilə MDB-yə üzv dövlətlərinin energetika sahəsində inteqrasiyanın inkişafında göstərdikləri xidmətlərə görə “MDB-nin əməkdar energetiki” adı almış nazirliyin əməkdaşlarına döş nişanı və şəhadətnamələri təqdim edilib.