İDMAN
Gələn il Şuşa və Xankəndidə çövkən yarışları keçiriləcək
Bakı, 2 noyabr, AZƏRTAC
Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəsmisi bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb: “Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".
Bakıda bu gün start götürən yorğa atların çempionatından da söz açan B.Nəbiyev 3-cü dəfə təşkil olunan yarışın ənənəvi olmasına çalışdıqlarını söyləyib. Onun sözlərinə görə, ARAF müasir atçılıq idman növləri ilə yanaşı, Azərbaycanın qədim atüstü oyunlarına da böyük diqqət ayırır: “Bu, Azərbaycanın qədim idman növlərindən biri hesab olunur. Bu yarışlar vasitəsilə Azərbaycanda milli atçılığın inkişafına öz töhfəmizi verməyə çalışırıq".
Federasiyanın vitse-prezidenti Azərbaycanın yorğa atlarının beynəlxalq yarışlarda iştirakının nəzərdə tutulduğunu söyləyib: "Türkiyədə keçiriləcək turnirə dəvət almışıq. Müəyyən planlarımız var və bununla bağlı işlər görməyə davam edirik. Yalnız ölkə daxilindəki çempionatlarda deyil, beynəlxalq turnirlərdə də layiqincə mübarizə aparmağa çalışırıq".