Gənclər “Vətənimizi tanıyaq, tanıdaq və sevdirək” layihəsi çərçivəsində Masallı rayonunda olmuşlar
Bakı, 20 may (AZƏRTAC). “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) tələbə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, habelə onlara ölkəmizin tarixi və turizmlə bağlı yerlərinin yaxından tanıdılması və gənclərdə vətənpərvərlik hisslərinin aşılanması məqsədilə “Vətənimizi tanıyaq, tanıdaq və sevdirək” adlı layihəni reallaşdırmağa başlamışdır.
TUMİB-dən AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində gənclərin Azərbaycanın əksər rayonlarına səfərləri nəzərdə tutulur.
Mayın 19-da Vətənimizin gözəl güşələrindən biri olan Masallı rayonuna səfər edən TUMİB uzvləri və tələbə-gənclər bu rayonun tarixi və füsunkar yerləri ilə tanış olmuş və təbiətin gözəlliyini seyr etmişlər.
Burada TUMİB-in sədri Çingiz Bayramov gənclərin qarşısında çıxış edərək bildirmişdir ki, bu gün çağdaş Türkiyə dövlətinin qurucusu, türk dünyasının böyük öndəri Mustafa Kamal Atatürkü anma, gənclik və idman bayramı günüdür. Ulu öndər Heydər Əliyevin təbirincə desək, “Biz bir millət, iki dövlətik”. Bu gün qardaş Türkiyədə keçirilən gənclər və idman bayramı həm də Azərbaycan gənclərinin bayramıdır.
TUMİB-in sədri bayram münasibətlə bütün gəncləri təbrik etmişdir. Bildirmişdir ki, hər bir Azərbaycan gənci Vətənimizin bölgələrini ilk olaraq özü yaxından tanımalı, həm də yerli və xarici vətəndaşlara tanıtmalı və sevdirməlidir. Gənclər təbiətin bizə bəxş etdiyi bu gözəl yerləri xüsusilə də sosial şəbəkələr vasitəsilə dünyaya tanıtmalıdırlar.