Göygöldə Dopler meteoroloji radiolokatoru istifadəyə verilib
Göygöl, 9 mart, Rauf Hacıyev, AZƏRTAC
Dövlət İnvestisiya layihələri çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin modernləşdirilməsi üzrə mühüm layihələrin icrası davam etdirilir. Belə ki, Göygöldə Dopler meteoroloji radiolokatorların, o cümlədən Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemin istismara verilməsi ilə bağlı bütün işlər başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə martın 9-da Göygöl rayonunda Dopler radarlarının açılış mərasimi keçirilib.
Tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Milli Hidrometeorologiya Xidmətinin, xidmət rəisinin müavini Vasif Əliyev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Turani Əliyev, "yeni nəsil" radarların istehsalçısı olan ABŞ-ın “Baron” şirkətinin nümayəndələri, eləcə də Milli Hidrometeorologiya Xidmətinin müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər.
Bildirilib ki, hidrometeoroloji şəbəkənin modernləşdirilməsi proqramının ilkin mərhələsində, yaradılmaqda olan erkən xəbərdarlıq sisteminin aparıcı hissəsini təşkil edən yeni radarın istismara verilməsi Azərbaycanın iqtisadiyyatının havadan asılı sektorlarının və əhalisinin tələblərinə daha dəqiq cavab vermək imkanını təmin edəcək. Əvvəlki MRL-dən fərqli olaraq müasir Dopler radiometeoroloji texnologiyalarının tətbiq edilməsi əldə olunan məlumatların siyahısını əhəmiyyətli dərəcədə artırır ki, bu da meteoroloji obyektlərin dinamik xüsusiyyətləri ilə bərabər, həm də mikrofiziki strukturunun xüsusiyyətlərini qiymətləndirməyə imkan verir. Müasir dopler meteoradarları təhlükəli hava hadisələri barədə 3-4 saat qabaqcadan, operativ xəbərdarlıqların verilməsi imkanını yaradır. DMRL-in köməyi ilə alınmış informasiyaların tutumunun çoxluğu, onların emalı və tətbiqi üçün ən yeni hesablama texnikalarından və müasir proqram təminatlarından istifadə edilməsini tələb edir. Ölkəmizdə müasir radarların qurulması vahid milli hidrometeoroloji sistemin yaradılmasında əsas mərhələdir. Radarların seçilməsi və onların yerlərinin müəyyənləşdirilməsində Azərbaycanın dağlıq ərazilərdən ibarət olduğu nəzərə alınmış, keyfiyyətli əkslərin alınması üçün daha optimal variantlar tədqiq edilib. Göygöldə radarın əlverişli yerləşdirilməsi real vaxt rejimində hava üzərində fasiləsiz müşahidələrin aparılmasına imkan verəcək.
Qeyd edilib ki, keçirilmiş açıq tenderin qalibi meteoroloji radarların istehsalçısı olan ABŞ-ın dünya şöhrətli “BARON” şirkətinin “Gen3 350C DP” radarları “Lynx” təminat proqramları ilə birgə dünya bazarında qabaqcıl texnologiya hesab edilməklə, ABŞ, Kanada və bir sıra digər ölkələrdə istismar edilir. Təkcə ABŞ-da “BARON” şirkətinin istehsal etdiyi 171 ədəd radar quraşdırılıb.
Ölkəmizdə Dopler radarlarının istismarının təmin edilməsi məqsədilə Milli hidrometeorologiya xidmətinin mütəxəssisləri ABŞ-ın Alabama ştatının Xantsvill şəhərindəki istehsalçıların yanında 2 həftəlik təlim keçiblər. Bundan əlavə, bizim mütəxəssislər radarların quraşdırıldığı yerdə və Bakı şəhərində radar məlumatlarının toplanması, emalı və əks olunması üzrə mərkəzi sistemdə ABŞ mütəxəssisləri tərəfindən keçirilmiş 20 günlük təlimlərə cəlb olunublar.
Xatırladaq ki, martın 9-da Şamaxıda da erkən xəbərdarlıq sistemi istifadəyə verilib.