SİYASƏT
GÜRCÜSTANDA YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN GÜRCÜ DİLİ KURSLARI FƏALİYYƏTƏ BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 20-dən Gürcüstanda yaşayan azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasını təmin etmək məqsədi ilə ilkin olaraq 50 Azərbaycan məktəbində gürcü dili kursları fəaliyyətə başlayacaqdır.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, kursların əlaqələndiricisi Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzidir. 2009-cu ilin əvvəlindən Gürcüstandakı bütün Azərbaycan məktəblərində və Tbilisi Dövlət Universitetinin Marneuli şəhər filialında da azərbaycanlılar üçün gürcü dili kursları açılacaqdır.
Bu günlərdə soydaşlarımızın Gürcüstan cəmiyyətinə inteqrasiyasına kömək məqsədi ilə 3 dərs vəsaiti işıq üzü görmüşdür. Bunlar “Gürcü dilini öyrənənlər üçün dərslik”, “Gürcücə-Azərbaycanca danışıq lüğəti” və “Gürcü dilinin qrammatikası” dərs vəsaitidir. Həmçinin gürcü dilinin qrammatikasına aid 300 dəst cədvəl hazırlanmışdır. Hər dəstdə müxtəlif məzmunda 44 cədvəl vardır.
Bütün bu metodiki vasitələrdən Azərbaycan dili məktəblərində və gələn həftədən fəaliyyətə başlayacaq gürcü dili kurslarında istifadə olunacaqdır.
Bunlardan əlavə, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə ilk dəfə olaraq “Azərbaycanca-gürcücə luğət” hazırlanır. 20 min sözün daxil edildiyi lüğət 2 cilddən ibarət olacaqdır.
Dil kurslarının açılması və dərs vəsaitlərinin çapı Dövlət Komitəsinin ayırdığı maliyyə hesabına təmin edilmişdir.
Xatırladaq ki, Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı ərazilərdə 124 Azərbaycan məktəbi vardır və bu təhsil ocaqlarında 35 min şagird təhsil alır.