Hazırda respublikada müvafiq lisenziya ilə 218 turizm şirkəti fəaliyyət göstərir
Bakı, 3 fevral (AZƏRTAC). Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ölkəmizdə müvafiq tədbirlər həyata keçirilməkdədir.
Proqramdan irəli gələn məsələlərin həlli ilə bağlı son illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turizmin müxtəlif növlərinin inkişafı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, görülmüş işlər nəticəsində 2006-cı ildən ötən müddət ərzində ölkəmizə gələn əcnəbilərin sayı 60 faizədək artmışdır.
Ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədi ilə nazirlik hər il 20-dək beynəlxalq turizm sərgisində iştirak edir və dünyanın aparıcı televiziya kanallarında respublikanın turizm imkanlarını əks etdirən reklam çarxları yayımlanmasına nail olur.
Ötən il 57 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 77 hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmişdir. Hazırda respublikada müvafiq lisenziya ilə 218 turizm şirkəti, 253 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.