SİYASƏT
Həmvətənimiz Sverdlovsk vilayətində “İlin professoru” adına layiq görülmüşdür
Bakı, 9 fevral (AZƏRTAC). 2012-ci il Rusiya Federasiyasının Sverdlovsk vilayətindəki Dağ-Mədən Universiteti üçün çox səmərəli olmuşdur. Ali məktəbin həm gənc alimlərini, həm də professor-müəllim heyətinin üzvlərini təmsil edən 4 nəfər vilayət qubernatorunun mükafatına nominant kimi irəli sürülmüşdür.
Sevindirici haldır ki, nominantlar arasında həmvətənimiz də vardır. Dağ-mədən işi kafedrasının müdiri, texnika elmləri doktoru, professor Niyaz Vəliyev “Texniki elmlər” nominasiyasında “İlin professoru” adına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş konsulluğunda AZƏRTAC-a bildirmişlər ki, mükafatların təqdim olunması mərasimində Azərbaycanın Baş konsulu Sultan Qasımov da iştirak etmişdir. Mükafatları Sverdlovsk vilayətinin vitse-qubernatoru Yakov Silin təqdim etmişdir.
Qaliblərin hər birinə 100 min rubl məbləğində pul mükafatı və xatirə diplomları təqdim edilmişdir. Təntənəli təltif mərasimi Sverdlovsk vilayəti qubernatorunun iqamətgahının Sütunlu salonunda Demidov qiraətləri çərçivəsində keçirilmişdir.
Xatırladaq ki, bu müsabiqə texniki, humanitar, təbiət və psixologiya-pedaqogika elmləri üzrə tədqiqatçılar arasında ildə bir dəfə “İlin professoru”, “İlin dosenti” və “İlin müəllimi” nominasiyaları üzrə keçirilir.
Fəlsəfə elmləri namizədi, baş müəllim Natalya Aleksandrovna Veselova humanitar sahədə “İlin müəllimi”, “Yer haqqında elmlər sahəsində ən yaxşı iş” nominasiyasında mühəndis Aleksey Komlev və “Təbiətin mühafizəsi sahəsində ən yaxşı iş” nominasiyasında geoekologiya kafedrasının dosenti Viktoriya Poçeçun “Ən yaxşı gənc alim” adına layiq görülmüşdür.
Müəllimlərin və dosentlərin il ərzində dərc edilmiş əsərlərinin nəticələri cəmlənmişdir. Əsas göstəricilər kimi müsabiqədə iştirak etməyə namizədin elmi jurnallarda dərc edilmiş məqalələrinin sayı, onun işlərindən sitat indeksi, kəşflərə və ixtiralara görə patentlər alması parametrləri seçilmişdir. Bundan əlavə, professor-müəllim heyəti üçün zəruri göstəricilərdən biri də onların 2012-ci ildə alimlik dərəcəsi verilmiş tədqiqatçıların, aspirantların, doktorantların, dissertasiya araşdırmalarına rəhbərlik etmələri faktıdır.
Mükafatlar müəllimlərin peşəkar-pedaqoji ustalığının təkmilləşdirilməsi və yaradıcı potensialının inkişaf etdirilməsi, il ərzində Sverdlovsk vilayətində elmin və təhsilin inkişafına şəxsi töhfələrinin tanınması və təşviq olunması məqsədilə təqdim edilir.