Həmvətənlərimiz Sevastopolun azad edilməsinin 70 illiyini Azərbaycan döyüşçülərinin memorialı qarşısında qeyd etmişlər

Bakı, 13 may (AZƏRTAC). Krımın Azərbaycan icması 77-ci Azərbaycan atıcı diviziyasının döyüşçüləri şərəfinə Sevastopolda ucaldılmış Memorial kompleks qarşısında ənənəvi mitinq keçirmişdir. Bu barədə AZƏRTAC-a Krımın Azərbaycan icmasının başçısı Rəhim Hümbətov məlumat vermişdir.
R.Hümbətov demişdir: “Krımın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar Sevastopolu və Krımı alman faşistlərindən azad etmiş döyüşçülərin xatirəsini anmaq üçün artıq 23 ildir mayın 9-da Azərbaycanın qəhrəman oğul və qızlarının şərəfinə Sapun-qorada ucaldılmış Memorial kompleksin qarşısına gəlirlər”.
Bu günlər Sapun-qoradakı abidə gül-çiçəyə bürünür. Yaxınlıqdan keçən avtomobillər abidənin qarşısında dayanır və adamlar xatirə şəkli çəkdirirlər. Xatırladaq ki, ötən il Memorial kompleksin yenidən qurulması zamanı onun arxitekturasına dəyişikliklər edilmiş, nəticədə abidə daha əzəmətli vəziyyətə gətirilmişdir. Sevastopolun hakimiyyət orqanlarının abidənin yenidən qurulmasına göstərdiyi yardımı da vurğulamaq istəyirəm.
Müharibə illərində Krım torpağında çoxlu azərbaycanlı həlak olmuşdur. Krımın, Ukraynanın, Rusiyanın və digər ölkələrin “qəhvəyi taun”dan azad edilməsi uğrunda döyüşlərdə minlərlə azərbaycanlı həlak olmuşdur
Qeyd edək ki, Yaltanı faşistlərdən azad etmiş 323 nömrəli atıcı alayın komandiri Cəlil Nəcəfov adlı azərbaycanlı olmuşdur. Müharibədən sonra ona Yaltanın fəxri vətəndaşı adı verilmişdir.
77-ci Azərbaycan atıcı diviziyası Krım torpağının azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycanlılar digər hərbi birləşmələrin tərkibində də döyüşmüşlər.
Krım dağlarında Məmməd Əliyevin komandanlığı ilə Azərbaycanın 8-ci partizan dəstəsi döyüşmüşdür.
Yaltada mərkəzi bağlardan birinə Cəlil Nəcəfovun adı verilmişdir.