Hüseyn Cavidin ev-muzeyində anım tədbiri: Xocalı soyqırımı – XX əsrin faciəsi
Bakı, 26 fevral, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - XX əsrin faciəsi” mövzusunda anım tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib. Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qaniçən erməni faşistlərinin Xocalı şəhərində törətdikləri qeyri-insani qətliamın, soyqırımı aktının xalqımızın tarixində ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. Bildirib ki, mənfur ermənilər beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırımı cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq misli görülməmiş qətliam törədiblər.
Tədbirdə muzeyin elmi katibi İlahə Novruzova, Elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva və mühafiz Fəridə Azadova çıxış edərək Xocalı faciəsinin acı nəticələrindən danışıb, soyqırımı aktını insanlıq əleyhinə cinayət adlandırıblar.
Anım tədbirində qonaq qismində iştirak edən Vətən müharibəsi şəhidi Rəşad Ələkbərovun dayısı - Fəlsəfə-Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərov Hüseyn Cavidin ev-muzeyinin şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində gördüyü mühüm işlərdən danışıb. Qonağa muzeyin nəşrlərindən şəhid Rəşad Ələkbərov haqqında oçerkin də daxil edildiyi “Vətən simurqları: II Qarabağ müharibəsinin qəhrəmanları” kitabı təqdim olunub.
Sonda tədbir iştirakçıları “Xocalı əsrin faciəsi” mövzusunda sərgi ilə tanış olublar.