Hyustonda Qara Yanvar qurbanlarının xatirəsini yad etmişlər
Vaşinqton, 23 yanvar (AZƏRTAC). Hyuston şəhərinin Azərbaycan Mədəniyyət Mərkəzində 1990-cı ilin 20 Yanvar şəhidlərinin xatirə gecəsi keçirilmişdir. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının dəstəyi ilə mədəniyyət mərkəzi tərəfindən təşkil olunmuş tədbirdə yerli Azərbaycan icmasının üzvləri, habelə Azərbaycanın tarixi ilə maraqlanan amerikalılar iştirak etmişlər. Azərbaycan icmasının üzvləri - Elxan Ağamirzə və ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) Direktorlar Şurasının üzvü Yusif Ələsgərov tərəfindən hazırlanmış təqdimatda E.Ağamirzə sovet ordusunun nizami hissələrinin Bakıya hərbi müdaxiləsindən və paytaxtın küçələrində dinc əhalinin kütləvi qətlindən danışmışdır. Təqdimatda dinc əhaliyə tutulan divanın nəticələrini əks etdirən fotomateriallar göstərilmiş, habelə Azərbaycanda indiki vəziyyət barədə məlumat verilmişdir. Sonra Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova çıxış edərək 20 yanvardan əvvəlki və sonrakı hadisələr barədə təəssüratlarını bölüşmüşdür. ABŞ Azərbaycanlıları Şəbəkəsinin həmtəsisçisi və direktoru Yusif Babanlı isə öz çıxışında Azərbaycanda milli-azadlıq hərəkatının tarixindən, hərbi müdaxilədən sonra Azərbaycan xalqının aldığı psixoloji zərbədən, 1920-ci ildə 11-ci qızıl ordunun Azərbaycanı işğal etməsindən, 1990-cı ilin yanvar hadisələrinə gətirib çıxarmış Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən danışmışdır. Tədbir Azərbaycanın müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin şərəfinə bir dəqiqəlik sükutla başa çatmışdır.