II Qlobal Müştərək Cəmiyyətlər Forumunda Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə ediləcək
Bakı, 23 aprel (AZƏRTAC). Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə aprelin 28-29-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda sessiyalardan birində mürəkkəb vəziyyətlərdə münaqişələrin həlli yolları müzakirə ediləcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu sessiyada məruzəçilər münaqişələrin həlli, sosial inteqrasiya sahəsində təcrübə və biliklərini bölüşərək inteqrasiya və açıqlılığın mövcud problemlərin aradan qaldırılmasında faydalı ola biləcək əsas prinsipləri barədə danışacaqlar. Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsi, onun həlli yollarına xüsusi diqqət ayrılacaq, məruzəçilər bu məsələ ətrafında geniş fikir mübadiləsi aparacaqlar.
Avropa Şurasının Demokratiya və Siyasət Məsələləri Komitəsinin sədri, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyyanisin sədrliyi ilə keçəcək sessiyada Türkiyənin sabiq xarici işlər naziri Hikmet Çetin, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, Mərkəzin üzvləri - Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, Serbiyanın keçmiş dövlət başçısı Boris Tadiç və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa çıxış edəcəklər.