CƏMİYYƏT
İKTA müsabiqə əsasında tələbələri işə qəbul edib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 6 universitetin məzun və sonuncu kurs tələbələri arasında keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticəsi olaraq 3 tələbə işə qəbul edilib. Tələbələrdən iki nəfər Tənzimləyici qurumun Radiospektr idarəçiliyi şöbəsində, bir nəfər isə Xidmət bazarlarına nəzarət şöbəsində mütəxəssis vəzifələri üzrə işə qəbul edilib.
Müsabiqədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetinin kompüter mühəndisliyi, cihaz və nəzarət mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, texnoloji proseslərin və istehsalatın avtomatlaşdırılması, texniki sistemlərdə informasiya və idarəetmə, rəqəmsal iqtisadiyyat, kommunikasiya sistemləri, iqtisadiyyatın dövlət tənzimlənməsi fakültələrinin tələbələri iştirak ediblər.
Müsabiqədə iştirak üçün ümumilikdə 305 namizəd tərəfindən CV daxil olub. Onların arasından müsabiqənin şərtlərinə uyğun gələn 78 namizəd ilə əlaqə saxlanılıb. 1-ci mərhələdə iştirakını təsdiqləyən 40 tələbə telekommunikasiya və tənzimləməyə aid test və keys əsaslı tapşırıqlara yazılı cavab veriblər. İkinci mərhələdə isə namizədlər ilə üzbəüz müsahibələr təşkil olunub.
İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.